Narkotik istifadəsi dünyada ciddi ictimai problem olaraq qalır. Son dövrlərdə aparılan əməliyyatlar bu təhlükənin cəmiyyətin hər təbəqəsinə yayıldığını bir daha göstərir. Mütəxəssislər bildirirlər ki, bəzi maddələr, xüsusilə kokain, insanı müəyyən müddət “normal” və funksional göstərə bilər. Lakin bu vəziyyət müvəqqətidir və zamanla həm fiziki, həm də psixoloji fəsadlar üzə çıxır.
E-saglam.az xəbər verir ki, britaniyalı psixiatr Dr. Maks Pemberton qeyd edir ki, kokain istifadəçisi ilk mərhələdə iş həyatını və sosial münasibətlərini qoruya bilər. Ancaq asılılıq dərinləşdikcə bu “maskanın” düşməsi qaçılmaz olur. Ətraf mühit üçün əsas məsələ təhlükəli dəyişiklikləri erkən mərhələdə fərq edə bilməkdir.
Fiziki əlamətlərə diqqət yetirilməlidir
Daimi burun axıntısı, tez-tez burun qanaması və səbəbsiz iyləmə davranışı xəbərdaredici ola bilər. Göz bəbəklərinin həddindən artıq genişlənməsi və işığa qarşı həssaslıq da diqqət çəkən əlamətlər arasındadır. Enerjidə ani yüksəlişlər və ardınca gələn kəskin yorğunluq da risk göstəricisi sayılır.
Davranış dəyişiklikləri də mühüm siqnallardır
Yuxu rejiminin pozulması, iştahanın qəfil azalması, əsəbilik, səbəbsiz şübhəçilik və emosional dalğalanmalar asılılığın əlaməti ola bilər. Sosial münasibətlərdə gərginlik, insanlardan uzaqlaşma və ya həddindən artıq aqressivlik də tez-tez müşahidə olunur.
Maliyyə sahəsində yaranan problemlər də diqqətdən qaçmamalıdır
İzah olunmayan xərclər, borc istəkləri, pul mövzusunda həddindən artıq müdafiəçi davranış və qəfil maddi çətinliklər risk əlaməti kimi qiymətləndirilir.
Mütəxəssislərin ən ciddi xəbərdarlığı isə budur
Əgər bir insan maddəni artıq sosial mühitdə deyil, evdə təkbaşına istifadə etməyə başlayırsa, bu, asılılığın təhlükəli mərhələyə keçdiyini göstərir. Bu zaman maddə “əyləncə vasitəsi” deyil, psixoloji problemlərdən qaçış yolu kimi istifadə olunur.
Belə hallarda mühakimə etmək əvəzinə, dəstək olmaq, açıq ünsiyyət qurmaq və peşəkar yardıma yönləndirmək ən doğru yanaşma hesab olunur. Asılılıq bir xəstəlikdir və erkən müdaxilə həyat qurtara bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az