AZ

Göydəniz Qəhrəmanov: “Azərbaycan sadəcə enerji istehsalçısı deyil, həm də müasir enerji idarəçiliyi modelini uğurla tətbiq edən ölkədir”



“Cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasəti istər Azərbaycanın özünün enerji təhlükəsizliyinin təmin olunması, istərsə də digər ölkələrin bu sahədə qarşılaşdıqları problemlərin həllində mühüm rol oynaması baxımından yüksək effektivliyi ilə diqqəti cəlb edir. O cümlədən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi də məhz bu siyasətin daha bir məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, yeni generasiya güclərinin yaradılması müasir dövrdə həm texniki, həm maliyyə, həm də idarəetmə baxımından son dərəcə mürəkkəb prosesdir. 240 meqavat gücündə olan bu stansiya ölkənin ümumi inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın enerji sisteminin çevikliyini və dayanıqlığını artırır. Bərpaolunan enerji mənbələrinin böyük həcmdə ümumi şəbəkəyə inteqrasiyası isə artıq energetika sahəsində yeni idarəçilik və peşəkarlıq standartlarının formalaşdığını göstərir.”

Bu fikirləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov səsləndirib.
       
Öz açıqlamasında deputat xüsusi olaraq vurğulayıb ki, dövlətin apardığı enerji siyasəti öz bəhrəsini verərək beynəlxalq və milli əməkdaşlığın səmərəli sintezinə nail olub: “Bu layihə ilk növbədə Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir. Nəzərə almaq lazımdır ki, “Power China” şirkətinin gələcək layihələrdə investor qismində də iştirakı istisna edilmir. Cənab Prezident İlham Əliyevin bu mühüm məqamla bağlı səsləndirdiyi proqnoz əslində gələcək əməkdaşlığın daha dərin və əhatəli olacağını söyləməyə ciddi əsaslar verir. Eyni zamanda, reallaşmış bu layihə Azərbaycan energetiklərinin peşəkarlığını da nümayiş etdirmiş oldu. Çünki məhz yerli mütəxəssislərin bilik və təcrübəsi hesabına mürəkkəb texnoloji proseslər uğurla idarə olunur. Bu, ölkədə enerji sahəsində milli kadr potensialının formalaşdığını və dayanıqlı inkişaf üçün möhkəm zəmin yarandığını bir daha göstərir. Daha bir vacib məqam da budur ki, bərpaolunan enerji potensialının sürətlə artması yeni çağırışlar yaradır. Birmənalı olaraq demək lazımdır ki, cənab Prezident İlham Əliyev bu məsələlərə qabaqlayıcı yanaşma nümayiş etdirir. O cümlədən Batareya Enerji Saxlanc Sisteminin yaradılması Azərbaycanın enerji siyasətində tarixi bir yenilikdir. 250 meqavatlıq ilk layihənin “AzərEnerji” tərəfindən icra olunması dövlətin bu sahəyə ciddi yanaşdığını sübut edir. Eyni zamanda, xarici investorların bu prosesə dəvət olunması ölkədə mövcud olan güclü investisiya iqliminin davamı kimi qiymətləndirilməlidir. 300 milyard dollardan artıq xarici sərmayənin cəlb edilməsi, kredit reytinqinin yüksəldilməsi və müsbət proqnoz səviyyəsinə çatdırılması göstərir ki, Azərbaycan enerji sahəsində təkcə istehsalçı deyil, eyni zamanda müasir enerji idarəçiliyi modelini uğurla tətbiq edən ölkədir” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını başa çatdırıb.



Seçilən
14
aia.az

1Mənbələr