Karyerasını ''Bornmut''da davam etdirən Enes Ünalın bu transfer dönəminin sonuna qədər vətənə qayıtması ehtimalı yüksəkdi. Belə ki, bu futbolçuya birdən-birə iki İstanbul nəhəngi maraq göstərir. Söhbət ''Beşiktaş'' və ''Fənərbaxça''dan gedir. Bu transfer dönəmində artıq Entoni Musaba və Matteo Genduzini heyətinə qatan ''Fənər'' hücumu da gücləndirmək istəyir. Ağır zədədən qayıtdıqdan sonra yavaş-yavaş əvvəlki formasını bərpa etməyə çalışan Enes İngiltərədə əsasən matçların gedişində meydana çıxır. O, ''Bornmut''da əsas heyət üzvü sayılmır. Qarşıdan dünya çempionatı gəldiyinə görə 28 yaşlı forvard daha çox oynaya biləcəyi bir kluba yollanmaq istəyir. Hərçənd ''Fənər''də artıq Con Duran və Yussef Ən-Nəsiri kimi hücumcuların olduğunu nəzərə alsaq, Enesin işi heç də asan olmayacaq. Şayiələrə inansaq, ''Beşiktaş''ın baş məşqçisi Sərgən Yalçın bu futbolçuya şəxsən zəng vuraraq onu komandasında görmək istədiyini deyib. ''Qartal''da hücumda rəqabətin nisbətən az olduğunu və Sərgən Yalçının yerli futbolçularla yaxşı anlaşdığını nəzərə alsaq, Enes üçün ''Beşiktaş'' variantı daha cəlbedici görünür. Türkiyə mətbuatının yazdığına inansaq, o özü də ''ağ-qaralar''a keçməyə daha çox həvəslidi. Maddi detallar bəlli olmasa da, hər iki klubun Enesi mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir. Transfer dəyəri 8 milyon avro civarında olan Ünal bu mövsüm ''Bornmut''da 9 oyuna çıxaraq 1 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta