Cəmiyyətin texnologiya və elmə daha çox yaxınlaşdığı bir dövrdə insanlar gələcəklə bağlı hələ də falçılara üz tutur.
“Təəssüf ki, yüksək təhsilli və intellektual insanlar belə fala baxdırır. Bu, insan psixologiyasında dərin səbəblərinə əsaslanır. İnsan qeyri-adi və prinsipə uyğun gəlməyən şeylərə maraq göstərir".
Bunu “Yeni Sabah”a sosioloq Mail Yaqub bildirib.
O, mövzuya dair misallar gətirib: "Məsələn, əgər dostumuz 100 dəfə təhlükəsiz bir şəkildə hansısa şəhərə gedib-gəlirsə, bu bizi təəccübləndirmir. Amma bir dəfə qəza baş verirsə, bu artıq diqqətimizi cılb edir, çünki qəza prinsipə uyğun deyil.
Falçılıq da elə buna oxşayır, gələcəkdən xəbər vermək və ya heç kimin bilmədiyi məlumatları söyləmək prinsipə ziddir. Təəssüf ki, zəif ruhlu və dünyagörüşü dar insanları belə fırıldaqçılar manipulyasiya edə bilir”.
Sosioloq Azərbaycandakı vəziyyəti təhlil edərək insanların kitaba və təhsilə marağının az olmasını manipulyasiya riskinin artmasının səbəbi kimi göstərib:
“Azərbaycanda da vəziyyət oxşardır. Sual yaranır: buna şərait varmı? Var. Şərait nədən ibarətdir? İnsanların az kitab oxumasından. Azərbaycanda insanları kitab oxumağa, intelektini artırmağa təşviq edən amillər çox azdır. Sanki insanları manqurt kimi saxlamaq istəyən qüvvələr daha güclü işləyir.
Çox təəssüf ki, bu, geniş yayılmış problemdir. Bununla belə, son illərdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi kitab sərgiləri bu sahədə atılan çox müsbət addımlardandır. Bu cür tədbirlər insanları kitabla tanış edir, savadlarını artırır və təhsillərinə dəstək olur. Bu, falçılıq və manipulyasiyanın qarşısını almaqda faydalı ola bilər.
Bayaq dediyim kimi, ola bilər ki, bir insan yüksək savadlı olsun, amma yenə də manipulyasiyaya məruz qala bilər. Amma ümumilikdə, təhsili, savadı və intellektual səviyyəsi yüksək olan cəmiyyətlər belə hoqqabazların və fırıldaqçıların tələsinə az düşürlər. Bu, çox vacib məsələdir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız