AZ

Xomeyni hakimiyyətə necə gətirildi? – İran inqilabının bilinməyən tarixi- “Fransa bizim ideya və bilik mərkəzimiz idi”

Hər bir böyük siyasi proses qəfil baş vermir. Onun görünən mərhələsindən əvvəl mütləq şəkildə “tarix öncəsi” adlandıra biləcəyimiz bir hazırlıq dövrü olur. Bu mərhələni diqqətdən kənarda qoymaq, baş verənləri yanlış oxumağa və proseslərin mahiyyətini səthi anlamağa gətirib çıxarır. İran İslam İnqilabı da istisna deyil. 1979-cu ilin fevralında baş vermiş bu hadisə, əslində, daha əvvəl formalaşan qlobal geopolitik qarşıdurmaların və böyük güclər arasındakı strateji hesablaşmaların nəticəsi idi.

NOCOMMENT.az xəbər verir ki, İran İslam İnqilabının banisi Ruhullah Xomeyninin Fransa tərəfindən himayə olunmasının “tarix öncəsi” mərhələsi isə birbaşa olaraq Əfqanıstanın SSRİ tərəfindən işğalı ilə əlaqəlidir. İlk baxışdan bu iddia şübhəli görünə bilər. Çünki Xomeyni inqilabı 1979-cu ilin fevralında baş verdiyi halda, Əfqanıstanın SSRİ tərəfindən işğalı həmin ilin dekabrında — yəni təxminən 10 ay sonra həyata keçirilmişdi. Lakin məsələ yalnız formal tarixlərdən ibarət deyil.

Nəzərə alsaq ki, Əfqanıstanın SSRİ tərəfindən işğalının əsas səbəbi 1978-ci ilin aprelində baş vermiş Saur İnqilabı idi, o zaman hadisələrin zəncirvari əlaqəsi aydınlaşır. Saur İnqilabı nəticəsində hakimiyyətə gələn Əfqanıstan Xalq Demokratik Partiyası və çevrilişin liderlərindən biri olan Məhəmməd Davud Xan sovetlərə yaxın siyasi xətt yürüdürdü. Bu isə ölkədə genişmiqyaslı üsyanlara səbəb olmuşdu. SSRİ Mərkəzi və Orta Asiyanın kəsişmə nöqtəsində yerləşən Əfqanıstanı itirməmək üçün onu işğal etmək məcburiyyətində qaldı.

Həmin dövrdə İranda da Qərbi, xüsusilə ABŞ-ı ciddi şəkildə narahat edən proseslər gedirdi. İran şahı Rza Pəhləvinin apardığı uğursuz Qərbyönümlü islahatlar cəmiyyətdə ciddi narazılıq yaratmışdı. Dindar təbəqə getdikcə Moskvanın təsir dairəsində olan Tudə Partiyası ilə yaxınlaşır, monarxiyaya qarşı birgə mübarizə aparırdı. SSRİ-nin Şərqdə təsir imkanlarını genişləndirdiyini görən ABŞ bu təhlükənin qarşısını almaq üçün yeni strateji yanaşmaya ehtiyac duydu. Beləliklə, “Yaşıl kəmər” strategiyası gündəmə gəldi.

1977–1981-ci illərdə ABŞ prezidenti olmuş Cimmi Karterin milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinskiyə aid edildiyi bildirilən bu strategiya Asiya və Yaxın Şərq ölkələrində islamlaşmanın təşviqini nəzərdə tuturdu. Strategiyanın mahiyyəti ondan ibarət idi ki, radikal İslam ideologiyası ateist sovet düşüncəsinə qarşı sipər rolunu oynayacaq və SSRİ-yə qarşı cihad ideyasını gücləndirəcəkdi. Zaman göstərdi ki, Bjezinski yanılmamışdı. 1980-ci illərdən başlayaraq istər Əfqanıstanda, istərsə də Yaxın Şərqdə islami dirəniş hərəkatları formalaşdı və bu proses bu günə qədər davam edir.

İran isə 1920-ci illərdə neft yataqlarının kəşfindən sonra böyük güclərin əsas geopolitik mübarizə meydanlarından birinə çevrilmişdi. XX əsrin əvvəllərində İran əsasən İngiltərə və Rusiya arasında nüfuz dairələrinə bölünmüşdü. II Dünya müharibəsindən sonra isə ABŞ ölkədə əsas söz sahibi oldu. ABŞ administrasiyası Rza şah ilə yaxın münasibətlər quraraq kommunistləri zəiflətmiş, eyni zamanda Xomeyni və onun ətrafındakı din xadimlərini monarxiyaya qarşı potensial təzyiq aləti kimi saxlamışdı.

SSRİ-nin Əfqanıstanda kommunist rejimi qurması ilə İranda da vəziyyət dəyişməyə başladı. ABŞ üçün əsas təhlükə mollalarla kommunistlərin birləşməsi ehtimalı idi. Məhz bu kontekstdə Xomeyni 5 oktyabr 1978-ci ildə Parisə dəvət edildi. Parisdə qaldığı 117 gün ərzində beynəlxalq medianın diqqət mərkəzində olan Xomeyni qısa müddətdə İranın ən populyar siyasi fiquruna çevrildi. Hətta Tudə Partiyasının rəhbərləri belə onun ətrafında cəmləşməyə başlamışdılar.

İranda islami oyanışı və kommunist ideologiyanın yayılmasını nəzarət altına almaq məqsədilə Xomeyni 1979-cu il fevralın 1-də Fransa təyyarəsi ilə Tehrana gətirildi. Qısa müddət sonra onun rəhbərliyi altında İran İslam Respublikası quruldu. Əsas məqsəd SSRİ-nin İranı öz təsir dairəsinə salmasının qarşısını almaq idi.

İran İslam Respublikasının ilk prezidenti olmuş Əbülhəsən Bəni-Sədr xatirələrində yazırdı ki, Xomeyni İrana dini lider kimi gətirilmiş və siyasətə qarışmamaq öhdəliyi götürmüşdü. Lakin Tehrana enən kimi bu vədindən imtina etdi. Bəni-Sədrin sözlərinə görə, Parisdə verdiyi sözü ona xatırladanda Xomeyni belə cavab vermişdi: “Orada basqı altında idim, əsl niyyətimi gizlətməliydim.”

Bu etirafdan sonra Bəni-Sədr istefa verərək Fransaya getdi və müxalif qüvvələri birləşdirərək İran Milli Müqavimət Şurasını yaratdı. O, ömrünün sonuna qədər İran İslam rejiminə qarşı mübarizəsini davam etdirdi. Bəni-Sədrin “Fransa bizim ideya və bilik mərkəzimiz idi” fikri isə Xomeyninin Fransa ilə ideoloji bağlılığını açıq şəkildə ortaya qoyur.

Xomeyni “ideoloji paytaxtına” qarşı çıxdıqdan sonra ABŞ “Yaşıl kəmər” strategiyasında dəyişikliklər etdi. Bu dəfə strategiyanın əsas ideoloji dayağı vəhabilik oldu. Nəticədə İran şiə radikalizmini, Səudiyyə Ərəbistanı isə vəhabiliyi Yaxın Şərqə ixrac etməyə başladı. Beləliklə, təkcə SSRİ çökmədi, İslam dünyası da uzunmüddətli məzhəb müharibələrinin meydanına çevrildi.

Sonradan üzə çıxan məlumatlara görə, Xomeyni İrana qayıtmadan iki gün əvvəl ABŞ rəsmiləri ilə görüşmüş və prezident Karterə mesaj göndərmişdi. BBC əməkdaşı Kambiz Fəttahinin bildirdiyinə görə, 27 yanvar 1979-cu ildə Xomeyni belə demişdi: “İranın hərbi liderləri sizi, İran xalqı isə məni dinləyəcək.”

Bu vədlərin icrası illər sonra — 2001-ci ildə Əfqanıstanın, 2003-cü ildə isə İraqın işğalı zamanı özünü göstərdi. İran rəsmiləri həmin əməliyyatlarda ABŞ-a ciddi dəstək vermiş və bunu gizlətməmişdilər.

Nəticə etibarilə, İran İslam rejimi SSRİ-nin Əfqanıstanı işğalına verilmiş strateji cavab idi. Bu cavab isə daha qədim — 1919-cu ildə İngiltərə ilə Rusiya arasında Əfqanıstanın bufer zona kimi müəyyənləşdirilməsinə dair razılaşmanın pozulmasından qaynaqlanırdı. Böyük Britaniyanın regiondan çəkilməsindən sonra yaranan boşluq ABŞ tərəfindən dolduruldu və beləliklə, İranı da əhatə edən qlobal hegemoniya mübarizəsi yeni mərhələyə qədəm qoydu.

Siyasi şərhçi Heydər Oğuz
Xüsusi olaraq NOCOMMENT.az üçün

Seçilən
76
nocomment.az

1Mənbələr