AZ

Maduronun həbs əməliyyatının detalları: ABŞ ilk dəfə gizli "akustik silah" tətbiq edib

BAKI, 11 yanvar. TELEQRAF

ABŞ xüsusi təyinatlıları Nikolas Maduronun saxlanılması üzrə həyata keçirdikləri əməliyyat zamanı onun mühafizəçilərini zərərsizləşdirmək üçün gizli akustik (səs) silahdan istifadə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Nəşr amerikalı fəal Mayk Netterin "X" sosial şəbəkəsində paylaşdığı və Ağ Evin mətbuat katibi Karolin Levittin repost etdiyi sənədə – naməlum venesuelalı hərbçinin dindirilmə stenoqramına istinad edib.

Venesuelalı hərbçinin sözlərinə görə, Amerika xüsusi təyinatlıları öz sıralarından heç bir itki vermədən yüzlərlə venesuelalı əsgəri zərərsizləşdiriblər. O qeyd edib ki, əməliyyat zamanı indiyədək görmədikləri texnologiya və silahlardan istifadə olunub:

"Biz keşik çəkirdik, lakin qəfildən bütün radar sistemlərimiz heç bir səbəb olmadan söndü. Gördüyümüz növbəti mənzərə mövqelərimiz üzərində uçan saysız-hesabsız dronlar oldu. Necə reaksiya verəcəyimizi bilmirdik".

Şahidin sözlərinə görə, dronların ardınca xüsusi təyinatlıları daşıyan helikopterlər peyda olub. Hərbçi bildirib ki, amerikalıların sayı təxminən 20 nəfər olsa da, yüzlərlə venesuelalı əsgərə qarşı "döyüş yox, əsl qırğın" törədiblər:

"Onlar texnoloji cəhətdən çox üstün idilər. Bu, indiyədək qarşılaşdığımız heç nəyə bənzəmirdi. O qədər dəqiq və sürətli atəş açırdılar ki, sanki hər əsgər dəqiqədə 300 güllə atırdı".

Hərbçi iddia edib ki, daha sonra amerikalılar Venesuela hərbçilərinin hamısını eyni anda zərərsizləşdirən sirli bir silah işə salıblar:

"Həmin an nəyisə işə saldılar; bunu necə təsvir edəcəyimi bilmirəm. Bu, çox intensiv səs dalğasına bənzəyirdi. Qəfildən elə hiss etdim ki, sanki başım daxildən partlayır. Hamımızın burnundan qan açıldı. Bəziləri qan qusurdu. Biz yerə yıxıldıq və hərəkət edə bilmədik. O səs silahından – və ya hər nə idisə – sonra heç birimiz ayağa qalxa bilmədik".

Ağ Ev rəsmisinin bu hekayəni paylaşmasına baxmayaraq, Vaşinqton hadisənin təfərrüatlarını rəsmi şəkildə təsdiqləməyib.

Lakin "New York Post"a danışan və keçmişdə ABŞ kəşfiyyatı ilə əlaqəli olan mənbə bildirib ki, Pentaqonun arsenalında uzun müddətdir mikrodalğalar və ya lazer şüaları kimi fokuslanmış enerji vasitəsilə hədəfləri zərərsizləşdirən silahlar mövcuddur. Mənbənin sözlərinə görə, bu, həmin silahın real döyüş şəraitində ilk istifadəsi ola bilər. Mütəxəssis təsdiqləyib ki, bu silah venesuelalı hərbçinin təsvir etdiyi simptomları yaratmaq gücünə malikdir.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr