“Nərimanov Bələdiyyəsində şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin ailə üzvləri ilə görüş keçirilib”- bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.
Təmraz Tağıyev şəhid ailəsi ilə görüşdə Nərimanov Bələdiyyəsinin hər daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışaraq, bələdiyyəyə edilən müraciətlərin hər biri bələdiyyə iclasında müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapdığını qeyd edib.
Görüşdə qeyd edilib ki, 44 gün çəkən, şanlı zəfərimizlə başa çatan Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan zabitlərdən biri də polkovnik -leytenant Qərib Baxşəliyev idi. Qarabağın azadlığı uğrunda tarix yazan Qəribin qəhrəmanlığı isə dövlət tərəfindən ölümündən sonra Prezident Sərəncamı ilə "Vətən uğrunda","İgidliyə görə","Füzulinin azad olunmasına görə","Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Əslən Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində gedən döyüşlərdə 2020-ci ilin noyabrın 4-də şəhid olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşüb.
Görüşdə qeyd edilib ki, şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin böyük əməyi olub.
Görüşdə şəhid ailəsinin sosila məişət qayğıları ilə maraqlanılmış və həlli vacib məsələlər diqqətdə saxlanılmış və şəhid ailəsini himayəyə götürmək qərara alınmışdır.
Sədr görüşdə daha sonra qeyd edib ki, birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir və keçirilməkdə davam edir. Bu prosesin icrasında hər bir bələdiyyə, o cümlədən Nərimanov Bələdiyyəsi öz töhfəsini verməkdədir.
Bununla bağlı sədr bildirib ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov Bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.