
İsveç hökuməti ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiya və Danimarkaya qarşı yönəlmiş bəyanatlarına son dərəcə tənqidi yanaşdığını açıqlayıb.
Yeniavaz.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson İsveçin şimalında keçirilən illik təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
Baş nazir deyib ki, qaydalara əsaslanan beynəlxalq nizam son onilliklərlə müqayisədə daha ciddi təhlükə altındadır.
“Biz ABŞ-nin hazırda Venesuelada beynəlxalq hüquq baxımından atdığı addımlara son dərəcə tənqidi yanaşırıq. Eyni zamanda, Qrenlandiya və Danimarka ilə bağlı səsləndirilən ritorika da ciddi narahatlıq doğurur”, – deyə Kristersson vurğulayıb.
İsveçin baş naziri əlavə edib ki, ABŞ uzun illərdir sadiq müttəfiq olan Danimarkaya təzyiq göstərmək əvəzinə, ona təşəkkür etməlidir.