Payız qış aylarında çirkab sular həyətlərə və evlərin zirzəmilərinə dolur… Yaz və yay aylarında isə əraziyə üfunət yayılır...
Xezerxeber.az-ın xəbərinə görə, Kürdəmirdə Şəhriyar küçəsinin sakinləri illərdir ki, bu mənzərənin hökm sürdüyünü deyirlər.
Onlar bildirir ki, yağış yağdığı zaman küçələrdə yığılan sular uzun müddət çəkilmir. Hətta qısa müddətli yağıntılardan sonra belə sular günlərlə küçələrdə qalır ki, bu da insanların gündəlik gediş-gəlişində ciddi çətinliklər yaradır.
Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Rəşid Nəsirov “Xəzər Xəbər”ə bildirdi ki, hazırda rayon üzrə kanalizasiya sisteminin təxminən 30 faizi çəkilib. Müəyyən səbəblərdən sistem yarımçıq qalıb. Gələcək illərdə kanalizasiya sisteminin tam çəkilməsi nəzərdə tutulur və həmin küçələr də bu layihəyə daxil ediləcək. Bu zaman sözügedən ərazilərdə kanalizasiya problemi aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.