AZ

“Bu qazi zabitlər Vətən torpaqlarını qaytara biliblər, amma yaşadıqları binada...“

Mənzil Məcəlləsinin 141.10-cu maddəsinə görə çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. Lakin Bakıdakı binalardan biri iki MMC tərəfindən idarə olunur. 40 sakin (hamısı qazi zabitlər) Nəsimi rayon məhkəməsinə iddia verdi ki, MMC-lər binadan çıxarılsın. MMC-lər isə protokollar təqdim etdi ki, guya sakinlərin ümumi yığıncağı onları təyin edib. Protokolların qanuna zidd tərtib olunması, bəzi imzaların saxta olmasını və s. kənara qoyuram. Məhkəməyə dedik ki, əvvəla qanuna görə binanın bütün sakinləri idarəçini təyin etməlidir, sakinlərin bir qismi tərəfindən bir MMC-ni, digərlərinin isə ikinci MMC-ni təyin etməsi o deməkdir ki, heç bir ÜMUMİ yığıncaq olmayıb, separat iki yığıncaq olub. Üstəlik hətta yığıncaq olubsa belə, onun eyni zamanda iki MMC-ni idarəçi kimi təyin etməsi qanuna ziddir. Bundan başqa bu “yığıncaq” binada sakinlərdən yığılmalı ödəniş üzrə iki fərqli tarif müəyyən edib, bu da Mənzil Məcəlləsinin 36.1-ci, 38.2-ci, 140.1-ci və 142.4-cü maddələrinə ziddir: 1 kv.m. üzrə vahid tarif olmalıdır. Digər pozuntuları da məhkəmənin diqqətinə çatdırdıq.

"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov sosial media hesabında yazıb.

O bildirib ki, Nəsimi rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi iddianı təmin etməyib:

"Lakin Nəsimi rayon məhkəməsi iddianı təmin etməyərək, əksər arqumentlərə heç məhəl qoymadan qısaca dedi ki, MMC-nin sahibi və işçiləri eyni şəxslər olduğu üçün əslində bu 2 deyil, elə 1 şəxsdir. Yəni 1+1=1!

Apellyasiya məhkəməsinə şikayətdə dedik ki, 1+1=1 edirsə belə, MMC-lərin sahibi bunu vergidən yayınmaq üçün edib. MMC-lərin vergi hesabatları da bunu təsdiq etdi: birgə illik gəlirləri 200000 manatdan yüksək idi. Yəni bina doğrudan da bir MMC tərəfindən idarə olunsaydı, ƏDV ödəyicisi olmalı idi. Yəni ortada vergidən yayınma faktı var. Vergi orqanına da bu barədə məlumat verdik, amma o da heç bir tədbir görmədi. Bakı Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etmədi".

"Üz tutduq Ali Məhkəməyə. Ali Məhkəmənin Mülki Kollegiyasının 20 oktyabr 2025-ci il 2(102)-2382/2025 saylı qərarı (https://sc.supremecourt.gov.az/.../2_2382+20.10.2025.pdf) ilə şikayətimiz təmin olunmadı. Ali Məhkəmə də arqumentlərimizin əksəriyyətinə heç qiymət də vermədi. Məsələn, binada sakinlərdən yığılan ödəniş üzrə iki tarifin olmasına göz yumdu, halbuki, kassasiya məhkəməsi kimi bu qanunsuzluğa qiymət verməli idi. Vergidən yayınma və digər məsələlərə də göz yumuldu. Ən əsas məsələ - binanın iki şəxs tərəfindən idarə olunmasına gəldikdə isə Ali Məhkəmə əvvəlki məhkəmələrin absurd mövqeyi ilə razılaşmayaraq dedi ki, yox, burada bir deyil, iki şəxs var, amma bina guya bina deyil, “binalar kompleksi”dir, buna görə də onu birdən çox şəxs də idarə edə bilər. Mən heç onu demirəm ki, qanunvericilikdə “binalar kompleksi” deyilən bir şey yoxdur. Əsas odur ki, Ali Məhkəmənin qərarının elə 1-ci bəndində deyilir: “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının qərarından müəyyən olunur ki... 18-19-20 mərtəbəli (penthaus və texniki otaqlar, 1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi 2 səviyyəli yeraltı qaraj) cəmi 10 girişli (A, B, C, D, E, F, H və G, K və J blokları) yaşayış binası mövcud vəziyyətdə istismara qəbul edilmiş”. Yəni Qərarın özünün 1-ci bəndində vurğulanır ki, heç bir binalar kompleksi-filan yoxdur. 10 girişli bina var. BİNA! BİNA! BİNA! Bir BİNA! Yeganə BİNA! Vahid BİNA! Ali Məhkəmə özündən yeni fakt uydurub. Çünki ilk məhkəmələrdə də heç kəs binanın bina olduğunu inkar etməyib!

Lakin əgər Ali Məhkəmə bir binanı binalar kompleksi kimi görürsə, bu o deməkdir ki, onsuz da bərbad olan bina idarəçiliyi üçün növbəti təhlükə yaranıb. Sabah istənilən binanın hər hansı girişinin (blokunun) sakinləri öz blokuna əlahiddə idarəçi təyin edə biləcək. Bu isə anarxiya və xaos deməkdir. Çünki bina elə ona görə binadır ki, onu bütün hissələrinin əlaqəsi var. Buna görə də hər girişin və ya bir neçə girişin bir, digərinin isə fərqli idarəçi tərəfindən idarə olunması həll oluna bilməyən ziddiyyətlərə və pərakəndəliyə aparacaq. Sakinlər bütün binanın ümumi mülkiyyətçiləridir, ayrı-ayrı hissələrinin yox. Bir sözlə, aləm dəyəcək indi bir-birinə. Suverenetitelər paradı olacaq!

Üstəlik Ali Məhkəmənin binada sakinlərdən yığılan ödəniş üzrə fərqli tariflərin mövcudluğuna göz yumması bu məsələdə də xaosa və bərabərsizliyə aparacaq. Kim necə istəyəcək, sakinlərdən nə qədər istəyəcək pul toplayacaq bundan sonra.

Nəhayət, Ali Məhkəmə vergidən yayınması sxemini də leqallaşdırmış oldu. ƏDV-yə cəlb olunmaq istəmirsən? Eyni fəaliyyət üzrə bir neçə MMC yarat və vergidən yayın! Hətta həmin fəaliyyəti bir şəxs göstərə bildiyi hallarda da!

P.S. Bu məsələ üzrə iddiaçı sakinlər Ali Məhkəmənin qərarından öncə Prezident Administrasiyasında Fuad Ələsgərovun və Ali Məhkəmənin Mülki Kollegiyasının sədrinin də qəbulunda olmuşdular. Haqlı olaraq, narahat idilər. İndi əlavə kassasiya şikayəti vermişik və sakinlər Ali Məhkəmə sədrinin müavinin də qəbulunda olublar. Bu qazi zabitlər Vətən torpaqlarını qaytara biliblər, amma yaşadıqları binada haqq-ədaləti bərpa edə bilmirlər. Mənə də deyirlər ki, gəlin Prezidentə müraciət edək. Mən də deyirəm ki, məhkəmə hakimiyyətindən icra hakimiyyətinə şikayət etmək prinsiplərimə ziddir. Buna görə də son addımım əlavə kassasiya şikayətinin verilməsidir...

Ümumiyyətlə, məhkəmə hakimiyyətindən kiməsə şikayət etmək o deməkdir ki, vəziyyət çox pisdir. Elə ay yoxdur ki, qanunsuz məhkəmə qərarı ilə üzləşməyim. Amma bəzilərinə daxilən “haqq qazandıraraq” (dövlət marağı, böyük pullar və s. və i.a.) susuram. Haqsızlığa qarşı immunitetim formalaşır tədricən. Lakin o qədər də böyük əhəmiyyəti olmayan məsələlər üzrə haqsız qərarlarla üzləşəndə heç kəsə şərti “haqqı” da qazandıra bilmirəm. Xüsusilə ağappağa qapqara deyildikdə. Xüsusilə qəbul edilən qərar digər analoji münasibətlər üçün, cəmiyyətimiz üçün yeni problemlər və təhlükələr yaratdıqda.

Təbii ki, bu qərarın hansı yüksək vəzifəli məmurun maraqları naminə (yoxsa o boyda Ali Məhkəmə və vergi orqanı niyə belə haqsızlıq etsin ki?) qəbul edildiyini də yaxşı bilirəm. Ayıb olsun ona ki, məhkəmə sistemini, vergi sistemini, binaların idarəçilik sistemini öz cılız merkantil maraqlarına qurban verdi. Onunla həmyerli olduğum üçün utanır və deyirəm: haram olsun sənə torpağın çərəyi..." - hüquqşünas əlavə edib.


Telegram kanalımız
Seçilən
61
yenisabah.az

1Mənbələr