AZ

Nyu-Yorkda Tramp administrasiyasının siyasətinə qarşı etiraz marşı keçirilib

Aksiya iştirakçıları Venesuela ilə bağlı addımlara, miqrantların kütləvi deportasiyasına və federal miqrasiya əməkdaşının iştirakı ilə baş vermiş qətl hadisəsinə etiraz ediblər...

Poliqon xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində təxminən iki min nəfər Tramp administrasiyasının siyasətinə qarşı etiraz əlaməti olaraq dinc yürüş keçirib. “The New York Times” nəşrinin yazdığına görə, aksiya iştirakçıları Vaşinqtonun Venesuela ilə bağlı atdığı addımları, miqrantların kütləvi şəkildə deportasiya olunmasını, eləcə də ötən həftə Minneapolis şəhərində Federal Miqrasiya Xidmətinin (ICE) əməkdaşı tərəfindən bir qadının öldürülməsini pisləyiblər.

Etiraz aksiyası Mərkəzi Parkın yaxınlığında başlayıb, daha sonra nümayişçilər Manhetten boyunca yürüş ediblər. Onlar “Donald Tramp istefa verməlidir” şüarları səsləndiriblər. Aksiyaya bir sıra yerli siyasətçilər də qoşulub.

Yürüş iştirakçıları Tramp Qülləsinə qədər irəliləyiblər və bu ərazidə küçə hərəkəti müvəqqəti olaraq bağlanıb. Daha sonra etirazçılar iki istiqamətdə hərəkətlərini davam etdiriblər. Aksiyanın sonunda meydanda qalan bir neçə onlarla etirazçı ilə Tramp tərəfdarlarından ibarət kiçik qrup arasında qısa müddətli qarşıdurma yaşanıb. Polis azı bir nəfəri saxlayıb.

Qeyd olunur ki, Nyu-Yorkdakı bu yürüş son günlər ABŞ-nin digər şəhərlərində keçirilən oxşar etiraz aksiyalarının davamı olub. “The New York Times” ən kütləvi aksiyalardan birinin yanvarın 8-də Manhettendə, ICE-nin ofislərinin və şəhərin əsas immiqrasiya məhkəməsinin yerləşdiyi federal bina qarşısında keçirildiyini vurğulayır.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr