Vaşinqton Tehrana qarşı kiberəməliyyatlar, yeni sanksiyalar və etirazçılara texnoloji dəstək variantlarını nəzərdən keçirir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yanvarın 13-də Milli Təhlükəsizlik Şurasının iclasını keçirməyi və İrana qarşı mümkün fəaliyyət variantlarını müzakirə etməyi planlaşdırır. CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ liderinə artıq bir neçə ssenari təqdim olunub.
Mənbələrin bildirdiyinə əsasən, müzakirə olunan variantlar sırasında İranın güc strukturlarına qarşı kiberəməliyyatların aparılması, İran iqtisadiyyatının əsas sektorlarına yönəlmiş yeni sanksiyaların tətbiqi, həmçinin etirazçıların peyk internetinə çıxışının təmin edilməsi yolu ilə onlara dəstək göstərilməsi var. ABŞ rəsmiləri vurğulayıblar ki, təqdim olunan ssenarilərin heç biri Amerika qoşunlarının İrana yeridilməsini nəzərdə tutmur.
Donald Tramp bundan əvvəl bəyan edib ki, İran hakimiyyəti etirazçıların güllələnməsini davam etdirərsə, ABŞ “müdaxilə edəcək”. Onun sözlərinə görə, bu, quru qoşunlarının göndərilməsi demək deyil, lakin Tehrana qarşı “çox güclü zərbələrin endirilməsi” variantını istisna etmir.
Qeyd edək ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonunda milli valyutanın kəskin ucuzlaşması və qiymətlərin sürətlə artması fonunda başlayıb. Etirazçılar siyasi rejimin dəyişdirilməsini və 1979-cu ildə devrilmiş şahın oğlu Rza Pəhləvinin hakimiyyətə gəlməsini tələb edirlər. Hüquq-müdafiə təşkilatı HRA-nın məlumatına görə, qarşıdurmalar nəticəsində 500-dən çox insan həlak olub. İran prezidenti Məsud Pezeşkian etirazların təşkilində ABŞ və İsraili ittiham edib.
Poliqon.info