Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edərək Kubanın uzun illərdir Venesueladan külli miqdarda neft və maliyyə vəsaiti aldığını iddia edib.
Banco.az xəbər verir ki, Trampın sözlərinə görə, Kuba bunun müqabilində Venesuelaya “təhlükəsizlik xidmətləri” göstərib.
ABŞ lideri bildirib ki, bu əməkdaşlıq artıq dayandırılıb və ötən həftə ABŞ-ın həyata keçirdiyi hərbi zərbə nəticəsində həmin kubalı təhlükəsizlik əməkdaşlarının bir qisminin həlak olduğu iddia olunur.
Tramp Venesuelanın artıq Kubanın dəstəyinə ehtiyac duymadığını vurğulayaraq qeyd edib ki, ölkə hazırda ABŞ-ın himayəsi altındadır:
“Venesuela artıq dünyanın ən güclü ordusuna malik olan ABŞ tərəfindən qorunur. Biz onları müdafiə edəcəyik. Kubaya bundan sonra nə neft, nə də pul gedəcək.”
ABŞ prezidenti Kubaya da açıq xəbərdarlıq edərək bildirib ki, rəsmi Havana “çox gec olmamışdan əvvəl” razılaşmaya gəlməlidir.
Trampın bu açıqlaması Latın Amerikası regionunda gərginliyin daha da artacağına dair narahatlıqları gücləndirib. Vaşinqtonun Venesuela üzərində nəzarəti açıq şəkildə bəyan etməsi isə bölgədə yeni geosiyasi mərhələnin başlandığına işarə kimi qiymətləndirilir.