AZ

Vergi sistemində yenilik: Səyyar yoxlamaların sayıminimallaşdırılır

Vergi sistemində yenilik: Səyyar yoxlamaların sayıminimallaşdırılır

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu ildən Azərbaycanda “üfüqi monitorinq”in tətbiqinə start verilib. Yeni monitorinq mexanizmi vergi risklərinin müvafiq orqana əvvəlcədən açıqlanmasına imkan yaradır ki, bu da səyyar vergi yoxlamalarının yalnız istisna hallarda aparılmasını nəzərdə tutur.

AFN.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, praktikada yeni qaydalar səyyar yoxlamaların sayının daha da minimallaşdırılmasına xidmət edəcək. Onun sözlərinə görə, son illər səyyar yoxlamaların sayında ciddi azalma müşahidə olunur.

Qeyd olunub ki, 2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Bu göstərici 2023-cü illə müqayisədə 29%, 2018-ci illə müqayisədə isə 5 dəfə azdır.

V.Bayramov vurğulayıb ki, yeni monitorinq sistemində mühüm məqamlardan biri də bəzi hallarda maliyyə sanksiyalarının tətbiq olunmamasıdır. Belə ki, dəyişikliklərə əsasən, risklər əvvəlcədən vergi orqanına açıqlanarsa, maliyyə sanksiyası tətbiq edilməyəcək. Yalnız açıqlanmayan risklər vergi orqanı tərəfindən aşkar edildikdə 25% maliyyə sanksiyası nəzərdə tutulur.

Deputat əlavə edib ki, vergi orqanı “üfüqi monitorinq”in əhatə etdiyi dövr ərzində təqdim edilən məlumatları elektron formada izləyəcək.

“Yeni sistemin əsas üstünlüyü əvvəlcədən məsləhətləşmə mexanizmi vasitəsilə vergi risklərinin azaldılmasıdır”, – deyə V.Bayramov qeyd edib.

Onun sözlərinə görə, maliyyə intizamının və korporativ idarəetmənin yaxşılaşmasına xidmət edəcək bu mexanizm çərçivəsində iştirakçılara əsas vəsaitlər üzrə amortizasiyanı “azalan qalıq” və ya “düz xətt” metodu ilə hesablamaq seçimi də veriləcək.

Bildirilib ki, avtomatlaşdırılmış uçot aparan və daxili nəzarət sistemini tətbiq edən orta və iri sahibkarlar “üfüqi monitorinq”ə qoşula bilərlər. Bu mexanizm, eyni zamanda, vergi orqanları ilə orta və iri ödəyicilər arasında şəffaf əməkdaşlıq modeli kimi xarakterizə olunur.

Seçilən
85
3
afn.az

10Mənbələr