Bakının 28 May metrosu ərazisində yerləşən gözəllik salonunda oğurluq hadisəsi baş verdiyi iddia olunur. Salonun sahibi, saç ustası Nura Əliyevanın sözlərinə görə, bu ayın 5-də obyektə naməlum şəxs və ya şəxslər tərəfindən daxil olunaraq salona məxsus bütün avadanlıqlar aparılıb.
NOCOMMENT.az–ın xəbərinə görə, N. Əliyeva bildirib ki, o, obyektini icarə müqaviləsi əsasında götürüb və burada öz biznesini qurmaq üçün xeyli vəsait xərcləyib. Onun sözlərinə görə, salonda olan kreslolar, fenlər, bahalı kosmetik məhsullar, keratinlər, maskalar və digər bütün əşyalar tamamilə yoxa çıxıb. Şkafların da boş olduğu qeyd olunur.
Hadisə ilə bağlı dərhal 102 xidmətinə məlumat verildiyini deyən salon sahibi, aparılan ilkin araşdırmalar zamanı oğurluqda obyektin sahibi olduğu iddia edilən Rzayev Toğrul Kərim oğlunun adının hallandığını söyləyib.
“Bütün əşyalarım mənimsənilib. Mənə çox böyük maddi ziyan dəyib. Bu hadisə məni ciddi psixoloji sarsıntıya salıb, səhhətim də yaxşı deyil”, – deyə Nura Əliyeva bildirib.
O, bir qadın sahibkar kimi ölkə rəhbərliyinə müraciət edərək məsələnin obyektiv araşdırılmasını xahiş edib:
“Birinci xanım Mehriban Əliyevadan və cənab Prezident İlham Əliyevdən kömək istəyirəm. Mənə dəyən maddi ziyanın ödənilməsini və günahkar şəxsin qanun qarşısında cavab verməsini tələb edirəm. İnanıram ki, bu məsələ ilə bağlı təcili tədbirlər görüləcək”.