AZ

“Turan Tovuz” tarixinin ən bahalı alverini etdi - Berdıyev üçün təhlükə!

Mövsümə çempionluq iddiasıyla başlayan “Turan Tovuz” qış fasiləsinə lider yox, 4-cü pillənin sahibi kimi yollandı. Ancaq “bozqurd” azarkeşlərinin dərin narahatlıq hissi keçirməsinə ehtiyac yoxdu. Ona görə ki, komandanın hələ ehtiyatda bir oyunu qalıb.

Bəli-bəli, 14-cü tur çərçivəsində “Qəbələ”yə qarşı keçirilməli olan, lakin dumanlı hava şəraiti üzündən bu ilə ertələnən matçı nəzərdə tuturuq. Kəsəsi, tovuzluların mövsümü ilk “dördlük”də bitirmək şansı böyükdü. Hətta çempion olmaq da mümkündü. Lakin kollektivin indiyə qədər qazandığı nəticələr, sərgilədiyi oyun tərzi və performans bunun yalnız riyazi cəhətdən mümkün olduğunu göstərir.

Etiraf edək ki, indi əksər tovuzlular belə “Qarabağ” və “Sabah” ilə rəqabət aparmağın çox çətin vəzifə olduğunun fərqindədi. Düzdü, deyəsən, baş məşqçi Kurban Berdıyevin köməkçisi Yunis Hüseynov bu cür düşünmür. Onun dediyinə görə, komandanın çempionluq iddiası hələ qüvvədədi və ardıcıl üç qələbə qazanmaqla lider ola bilərlər. Lakin “bozqurd”un birinci sırada qərarlaşan Masazır təmsilçisindən 10 xal geridə olduğunu nəzərə alsaq, mütəxəssisin iddiası ehtimal nəzəriyyəsinə belə sığmır. Türklər demişkən, bəs, “Qarabağ”la “Sabah”ın əli armud toplayacaq ki, “Turan Tovuz” liderliyə yüksəlsin? Kəsəsi, bu gün pafoslu sözlərə üstünlük vermək əvəzinə ortaya iddiaya uyğun iş qoymağın yeridi.

Əlbəttə, media nümayəndəsi olaraq, neytral mövqe sərgiləməkdən yanayıq. Sadəcə, “bozqurd” çempion olmaq istəyirsə, daha güclü olmağa məcburdu.

Bilindiyi kimi, Berdıyevin komandası yanvarın 4-dən bəri Türkiyədədi. Antalyada təlim-məşq toplanışında olan tovuzlular burda iki yoxlama matçı keçirəcək. Onların sınaqçı-rəqibi yanvarın 17-də Polşa “Poqon”u olacaq. Komanda ertəsi vətənə qayıdacaq. Bununla işimiz yox. Yəqin ki, sözügedən oyun futbolçuların formaya düşməsində, daha baxımlı oyun, daha güclü performans göstərməsində müstəsna rol oynayacaq. Belə demək mümkünsə, yoxlama oyunuyla bağlı detallar aydındı.

İndi “Turan Tovuz”u narahat edən əsas məsələ heyətlə bağlı problemlərin aradan qaldırılmasıdı. Bəs, klub bu yöndə hansı addımı atıb? İroniyalı səslənsə də, “bozqurd” aparıcı futbolçularından olan Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” komandasıyla razılıq əldə edib. 24 yaşlı braziliyalı hücumçu tibbi müayinədən keçəndən sonra Asiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. Xatırladaq ki. Souza “Turan Tovuz” forması ilə premyer-liqada 66 oyuna çıxıb. O, cari mövsümdə “bozqurd”un heyətində keçirdiyi 16 matçda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O başqa məsələ ki, braziliyalı ötən “futbol ili”ndə daha yaxşısını bacarmışdı: 34 matç, 10 qol, 5 məhsuldar ötürmə.

Bu keçidlə bağlı başqa məqamı da vurğulamalıyıq. Ona görə ki, “Turan Tovuz” Souza sayəsində tarixinin ən bahalı satışını reallaşdırıb. Belə ki, yaponlar 24 yaşlı hücumçu üçün Tovuz təmsilçisinə 300 min avro (təxminən 600 min manat) ödəyib. Souza “bozqurd”la vidalaşmağı da lazım bilib:
“Karyeramda önəmli dövrü başa vururam. Bu müddət ərzində yaşadığım hər şeyə, mənə verilən fürsətə və etibara görə “Turan Tovuz”a çox minnətdaram. Həmişə yanımda olan klubun İdarə Heyətinə, məşqçilərə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Özümlə təcrübələr, peşəkar inkişaf və əbədi qalacaq xatirələr aparıram. Kluba uğurlar, növbəti çətinliklərə hazır olmağı arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.
Xatırladaq ki, tovuzlular ötən ilin fevralında nigeriyalı futbolçu Otto Conu Səudiyyə Ərəbistanının “Əl-Mədinə” klubuna 200 min avroya satmışdı. İndi “bozqurd” azı üç futbolçu transfer etmək istəyir. Kollektiv həm hücum, həm yarımmüdafiə, həm də müdafiə xəttini gücləndirməklə mövsümün qalan hissəsində daha inamlı oyun göstərmək niyyətindədi. Hər halda, hazırda qardaş ölkədə olan komanda tam heyətlə məşq edir. Sadəcə, ötən ilin noyabrında zədələnən Şəhriyar Əliyev, həmçinin Denis Marandiçi, İbrahima Vaci, Joarlem Batista və Abdulla Rzayev müxtəlif dərəcəli zədələr səbəbindən fərdi məşq edir. “Bozqurd” özüylə Türkiyəyə həm də əvəzedici komandanın üzvlərindən olan Ayxan Abbaszadə, Ülvi Mədətov və Murad Dadaşevi də aparıb.

Yeri gəlmişkən, Tovuz şəhər stadionunun yeni təbii ot örtüyünün hər matçdan sonra, demək olar ki, yararsız hala düşdüyündən xəbərdarsız. Klub rəsmisinin sözlərinə görə, ot örtüyündə fasiləsiz iş gedir. Stadiona xüsusi texnika, süni günəş işığı olan aqreqatlar gətirilib. Ot örtüyünün ilin ilk ev oyununa qədər hazır vəziyyətə gətirilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Xatırladaq ki, “bozqurd” yanvarın 25-də keçiriləcək 17-ci tur matçında “Sumqayıt”ı qəbul edəcək. Həmin qarşılaşma saat 16.00-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
18
football-plus.az

1Mənbələr