
Yaponiya xarici işlər naziri Toşimitsu Motegi İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə Qəzza sektorunda mülki əhalinin qorunması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
AFN.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Motegi eyni zamanda İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətinin beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb.
Nazir İsraili Qəzzada mülki şəxslərin müdafiəsi və humanitar yardımın təmin edilməsi üçün müvafiq addımlar atmağa çağırıb.
Qərb Sahilindəki vəziyyətə toxunan Motegi, yəhudi məskunlaşmalarının beynəlxalq hüquqa zidd olduğunu qeyd edərək, yaşayış məntəqələrinin genişləndirilməsi və məskunlaşanlar tərəfindən zorakılığın artmasının regionda sabitliyi daha da sarsıtdığına dair Yaponiyanın ciddi narahatlığını ifadə edib.
Bildirilib ki, Netanyahu görüş zamanı İsrailin mövqeyini izah edib.
Motegi həmin gün Fələstin Baş naziri Məhəmməd Mustafa ilə də görüşüb.
Görüşdə Yaponiya tərəfi iki dövlət prinsipi əsasında həllə dəyişməz dəstəyini, eləcə də Qəzzanın bərpası və Fələstində dövlət quruculuğu ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb.
Səfər çərçivəsində Yaponiya XİN rəhbəri 7 oktyabr 2023-cü ildə HƏMAS döyüşçülərinin hücumu zamanı zərər çəkmiş musiqi festivalının keçirildiyi əraziyə, həmçinin Ramallanın şimalında yerləşən Cəlazun qaçqın düşərgəsinə baş çəkib.