AZ

Ermənistan Baş nazirinin aparatı krallıqlardan baha başa gəlir – ÖZƏL

Ermənistanın Baş nazirinin aparatı Danimarka, İspaniya, İsveç və Belçikanın kral ailələrinin ümumi xərclərindən daha çox vəsait sərf edir. 

Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə "Mer dzyevov" ("Öz yolumuzla") hərəkatının koordinatoru Narek Karapetyan bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın hakimiyyəti dövründə baş nazir aparatının büdcəsi dörd dəfə artaraq təxminən 65 milyon ABŞ dollarına çatıb. Karapetyan bu artımı ölkədə formalaşmış ümumi idarəetmə modeli ilə əlaqələndirir və xərclərin bu qədər yüksəlməsinin əsaslandırılmasını sual altına alır. O vurğulayıb ki, dövlət aparatına ayrılan vəsaitin dəfələrlə artırılması avtomatik olaraq vətəndaşların həyat səviyyəsinin yaxşılaşması demək deyil.

"Əgər baş nazirin aparatı dörd dəfə artıq xərcləyirsə, insanlar dörd dəfə daha yaxşı yaşayırmı?" - deyə o qeyd edib.

Narek Karapetyan, həmçinin Paşinyanın Ermənistanda guya "Elseti" şirkətinin fəaliyyətindən zərər çəkməyən bir ailənin belə olmadığı barədə açıqlamasına da münasibət bildirib. Onun fikrincə, bu cür ümumiləşdirilmiş və hüquqi baxımdan qeyri-müəyyən ifadələr şüurlu şəkildə seçilir və hakimiyyət nümayəndələrinə hüquqi məsuliyyətdən, eləcə də ictimai üzrxahlıq tələblərindən yayınmaq imkanı yaradır.

Karapetyan əlavə edib ki, energetika sahəsindəki real proseslər bu qədər sərt qiymətləndirmələri təsdiqləmir. Onun məlumatına görə, son 10 ildə ölkədə təxminən 800 min elektrik sayğacı yenilənib, elektron uçot sistemi tətbiq olunub, şəbəkələrdə itkilərin səviyyəsi isə 16 faizdən 6 faizə endirilib. Bu faktların mövcud hakimiyyətə yaxşı məlum olduğunu deyən Karapetyan vurğulayıb ki, onlar ictimai çıxışlarda bilərəkdən diqqətdən kənarda saxlanılır, çünki seçilmiş siyasi xəttə uyğun gəlmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr