AZ

İstiqlalçı deputat Allahverdi Həsənov vəfat etdi – FOTO

Azərbaycanın müstəqillik tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri – istiqlalçı deputat, polis polkovnik-leytenantı Allahverdi Həsənov vəfat edib.

Vətəninfo.az jurnalist Məhəmmədəli Qəribliyə istinadla xəbər verir ki, Allahverdi Həsənov 2026-cı il yanvarın 10-da dünyasını dəyişib.

Bakıda yaşayan dostları və yaxınları üçün yas mərasimi yanvarın 16-da Babək prospekti yaxınlığında yerləşən SOCAR-ın Mərasim Evində (2-ci mərtəbə) keçiriləcək.

Allahverdi Həsənov 1952-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olub. Azərbaycanın ən mürəkkəb və taleyüklü mərhələlərində dövlətçiliyin möhkəmlənməsi naminə çalışan Həsənov 1990–1995-ci illərdə Ali Sovetin deputatı kimi fəaliyyət göstərib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına səs verən 43 istiqlalçı deputatdan biri olaraq adını müasir tariximizə yazdırıb.

Allahverdi Həsənov müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin yaxın silahdaşlarından biri kimi tanınıb. Xüsusilə 1990-cı illərin əvvəllərində Naxçıvanın ağır blokada şəraitində olduğu, erməni silahlı dəstələrinin hücumlarının intensivləşdiyi dövrdə Şərur Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışaraq həm sərhədlərin müdafiəsində, həm də daxili sabitliyin qorunmasında mühüm rol oynayıb. Onun bu dövrdə göstərdiyi qətiyyət və rəşadət bölgədə dövlət hakimiyyətinin saxlanılmasına ciddi töhfə verib.

Daxili işlər orqanlarında uzun illər qüsursuz xidmət yolu keçən Allahverdi Həsənov polis polkovnik-leytenantı rütbəsinədək yüksəlib. O, müxtəlif illərdə Şərur Rayon Polis Şöbəsinin rəisi olmaqla yanaşı, Şamaxı Rayon Polis Şöbəsinə də rəhbərlik edib. Xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, müxtəlif mükafat və təltiflərlə təltif olunub. 2007-ci ildə təqaüdə çıxan Həsənov ömrünün sonunadək dövlətçilik ideallarına sadiq qalıb.

Mərhum bu gün doğulduğu Şərur rayonunun Oğlanqala kəndində izdihamla torpağa tapşırılıb. Dəfn mərasimində ailə üzvləri, keçmiş həmkarları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allahverdi Həsənovun vəfatı Azərbaycan ictimaiyyəti üçün ciddi itkidir. Onun istiqlal mübarizəsində və dövlət quruculuğunda göstərdiyi xidmətlər tarixdə yaşayacaq.
Allah rəhmət etsin.

Seçilən
9
veteninfo.az

1Mənbələr