"Prezidentin çıxışlarında dəfələrlə vurğulanan əsas xətt aydındır. Qəbul edilən qərarların əhəmiyyətli hissəsi ictimai rəyin, açıq müzakirələrin və cəmiyyətdən gələn siqnalların nəticəsi olmalıdır. Bu yanaşma müasir dövlət idarəçiliyinin əsas prinsipini ifadə edir:Qərarlar qapalı kabinetlərdə deyil, açıq təsir və ictimai iştirak mühitində formalaşmalıdır.Bu prinsip lobbiçilik məsələsinə də birbaşa tətbiq olunur. Əgər müəyyən maraq qrupları dövlət qərarlarına təsir göstərirsə, bu təsir açıq, əsaslandırılmış və cavabdeh mexanizm üzərindən həyata keçirilməlidir. Əks halda proses institusional çərçivədən çıxır, şəxsi münasibətlər və qeyri-rəsmi əlaqələr müstəvisinə keçir".
QHT.az xəbər verir ki, bu fikirləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. O, arqumentlə təsir və iradənin satın alınması arasındakı fərqə gəlincə qeyd edib ki, lobbiçilik arqumentlə təsirdir, korrupsiya isə iradənin satın alınmasıdır. Bu fərq nəzəri deyil, praktik və institusional mahiyyət daşıyır. Dövlət qərarının arqumentlə dəyişməsi legitimdir. Qərarın gizli razılaşma, açıqlanmayan maraqlar və qeyri-şəffaf təsir yolu ilə yönləndirilməsi isə artıq fərdi pozuntu yox, institusional risk yaradır:
"Əgər kiminsə hansı qərara niyə təsir etdiyi bilinmirsə, hansı marağın üstün tutulduğu açıqlanmırsa,qərarverici bu təsiri gizlədirsə,orada demokratik qərarvermədən danışmaq mümkün deyil. Belə hallarda etimad aşınır, məsuliyyət mexanizmləri sıradan çıxır".