AZ

QHT sədri: Qlobal Fondun qərarları minlərlə insanın həyatına birbaşa təsir edir

"Qlobal Fondun Direktorlar Şurasının qəbul edəcəyi qərarlar sadəcə maliyyə göstəriciləri deyil, minlərlə insanın sağlamlığı və həyatı üçün həlledici amildir. Bu qərarlar insanların vərəmə vaxtında diaqnoz almasını, müalicəni yarımçıq qoymamasını və ailələrin bu xəstəliklə tək mübarizə aparıb-aparmamasını müəyyənləşdirir".

Bu fikirləri "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Vərəm bu gün də əsasən yoxsulluq, bərabərsizlik, stiqma və sosial təcrid şəraitində yaşayan insanları daha çox risk altında qoyur. Ona görə də vərəmlə mübarizə təkcə tibbi yanaşma deyil, eyni zamanda insan hekayələrini və sosial ədaləti mərkəzə alan bir yanaşma olmalıdır:

"Son bir il ərzində TBPeople və milli vərəm icmaları vərəmin kənarda qalan problem kimi deyil, real prioritet kimi tanınması üçün birlikdə çıxış ediblər.
Bu prosesdə TBPeople Qlobal Fondun rəhbər strukturları, donorlar və tərəfdaşlarla əməkdaşlıq edərək vərəmin insanın ləyaqətinə və gələcəyinə toxunan ciddi sosial problem olduğunu vurğulayıb. Azərbaycanda isə bu mövqenin icmalara çatdırılmasında TBPeople şəbəkəsinin rəsmi nümayəndəsi olan “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi fəal rol oynayır".

QHT sədri həmçinin bildirib ki, sosial media kampaniyaları vasitəsilə müxtəlif ölkələrdən insanlar ədalətsiz maliyyələşmənin öz həyatlarında yaratdığı real çətinlikləri açıq şəkildə bölüşüblər:

"Eyni zamanda icmaların rəhbərlik etdiyi monitorinq mexanizmlərinin qorunmasının səhiyyə sistemləri ilə icmalar arasında etimadı gücləndirdiyi xüsusi olaraq qeyd olunub. TBPeople xüsusi münasibət deyil, ədalət tələb edir və vərəmə, eləcə də icmalara investisiyanın insanların həyatını xilas edən real nəticələr yaratdığına inanır".

 

Pərvanə Fərhadqızı

Seçilən
8
qht.az

1Mənbələr