AZ

Bu, bütün türk dünyasına böyük zərbə ola bilər - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Türkiyənin qarşısında "muxtar Kürdüstan" yaradılması naminə "unitar dövlət" prinsipindən imtina tələbi qoyulub”.

Bu sözləri Hafta.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, “terrorsuz Türkiyə” planında fasilə və Suriyada PKK-ya bağlı olduğu deyilən qrupların fəallaşması təsadüfə oxşamır.

A.Quliyev vurğulayıb ki, bunlar Öcalanın və PKK-nın arxasında duranların yeni planları xatirinə Türkiyəyə təzyiq xarakterli gedişlərə çox bənzəyir:

“PKK layihəsində güdülən "qədim" strategiyanın dəyişməsi artıq real görünür. Öcalan və onun himayədərları ilk başdan Türkiyədən ayrı bir Kürdüstan dövləti yaratmaq məqsədi güdürdülərsə, bu gün böyük ehtimalla ABŞ və İsraildən alınmış təlimata uyğun olaraq Türkiyənin daxilində özünün parlamenti və müstəqil siyasəti olan bir muxtar Kürdüstanın yaradılmasını hədəfləyiblər. PKK və onun uzantısı olduğu deyilən Suriya Demokratik qüvvələrinin Hələbdə silahlı müqavimətə başlamalarının kökündə duran hədəf məncə, Türkiyəni "muxtar Kürdüstan" planına uyuşdurmaq məqsədi güdür. Bu nöqteyi-nəzərdən "terrorsuz Türkiyə"nin ideya müəllifi Baxçəlinin partiya müavini, Fəti Yıldızın son bəyanatı çox ilginc görünür: - "Terrorsuz Türkiyə” bu günlərdə 3-cü dəfə parlamentin komissiyasında müzakirə olunacaq, Türkiyənin unitarlıq kimi fundamental prinsipinin dəyişməsindən söhbət gedə bilməz".

A.Quliyev vurğulayıb ki, hələlik açıq deyilməsə də, Türkiyənin qarşısında "muxtar Kürdüstan"ın naminə unitarlıq prinsipinin federativliklə əvəzlənməsi kimi dəyişiklik şərtinin, ya tələbinin qoyulduğu barədə şübhələr böyükdür:

“Yoxsa, niyə xeyli vaxtdır İmralıda Öcalanla danışıqlara fasilə verilib? Niyə Öcalandan yeni xəbərlər gəlmir? Niyə PKK Öcalanın çağırışına tam uyğunlaşaraq Suriyada da silahı tam yerə qoymur? Niyə Tramp çox təhkükəli niyyətlə bəyanat verir ki, biz Suriya hökuməti ilə də, Suriya Demokratik Qüvvələri ilə də (PKK-nın Suriya qolu) yaxşı davranırıq? Hesab edirəm ki, hansısa siyasi məqsəd naminə Türkiyənin "unitar dövlət" prinsipinin güzəşt edilməsi bütün türk dünyasına böyük zərbə ola bilər”.

Tahirə Qafarlı

Seçilən
34
hafta.az

1Mənbələr