Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhali artımı ilə bağlı narahatlığını ifadə edərək ailələri “ən azı üç uşaq” sahibi olmağa çağırıb. O bildirib ki, bu istiqamətdə hələlik arzuolunan nəticələr əldə edilməyib və əhalinin artımı strateji əhəmiyyət daşıyır.
Prezident Ərdoğan bu fikirləri İstanbulda Tophane-i Amire Mədəniyyət və İncəsənət Mərkəzində keçirilən “Hane” İslam Sənətləri Sərgisinin açılış mərasimində və açılışdan sonra iştirakçıların suallarını cavablandırarkən səsləndirib.
“Biz əhalimizi artırmalıyıq. Bu nəsil böyüməlidir. Mən həmişə deyirəm: ən azı üç uşaq. Bu, güclü ailə üçün vacibdir”, – deyə Ərdoğan vurğulayıb.
Ənənəvi İslam sənətlərinin rolu
Çıxışında ənənəvi İslam sənətlərinin əhəmiyyətinə toxunan dövlət başçısı miniatür, ebru, xəttatlıq, keramika və tezhib kimi sənət növlərinin iman və sivilizasiyanın estetik dəyərlərini əks etdirdiyini bildirib. Onun sözlərinə görə, bu sənətlər müsəlmanların yüksək estetik şüurunun maddi təcəssümüdür.
Ərdoğan İstanbulun İslam incəsənəti tarixində mühüm mərkəz olduğunu xatırladaraq, XV əsrdən etibarən Əli bin Yəhya Sufi, Şeyx Həmdullah Əfəndi və Hafiz Osman Əfəndi kimi böyük ustadların məhz bu şəhərdə dəyərli əsərlər yaratdıqlarını qeyd edib.
Prezident ötən il vəfat edən və “xəttatların başçısı” kimi tanınan mərhum Həsən Çələbinin xatirəsini də anıb. Bildirib ki, Həsən Çələbinin əsərləri Türkiyədə və xaricdə 75-dən çox məscidi bəzəyir.
“Mədəni irs yeni nəsillərlə yaşayır”
Ərdoğan çıxışında vurğulayıb ki, mədəni irs yalnız yeni nəsillərin əlavələri ilə zənginləşir və davamlı olur. Onun sözlərinə görə, sərgidə nümayiş olunan hər bir əsər keçmişlə gələcək arasında körpü rolunu oynayır.
Əhali artımı ilə bağlı narahatlıq
Prezident ailə institutunun gücləndirilməsinin vacibliyini önə çəkərək bildirib ki, əhali artımına qarşı münasibət onu narahat edir: “Təəssüf ki, bəzən ən yaxın qohumlarımız və dostlarımız belə əhali artımına qarşı çıxır. Bu bizi kədərləndirir”.
Öz şəxsi həyatından nümunə gətirən Ərdoğan doqquz nəvəsinin olduğunu xatırladıb və bunun böyük nemət olduğunu deyib. O əlavə edib ki, Peyğəmbərin ümmətin çoxluğu ilə fəxr etməsi ilə bağlı tövsiyəsi bu çağırışın mənəvi əsasını təşkil edir.
Prezident Ərdoğan ümidvar olduğunu bildirib ki, Tophane-i Amiredə keçirilən bu tədbir əhalinin artırılması istiqamətində yeni addımlar üçün stimul olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta