AZ

İranda baş verənlər və Türk dünyasına yönələn təhdidlər - Rəy

Yazını böyüt
Yazını kiçilt

İran xalqı iki seçimdən birinə məcbur edilir”

İranda baş verən etirazlar müxtəlif aspektlərdə təhlil olunmaqla, regiona və ümumən türk, islam dünyasına təsirləri birmənalı deyil. Qərb İran hadisəsindən hansı dvidenti qazana bilər və Azərbaycan üçün hansı təhlükə yaranır?

Bu istiqamətdə Hafta.az-a danışan siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, Qərb İranın parçalanmasında qəti maraqlı deyil. O, vurğulayıb ki, 10 gündən artıq İranda davam edən iğtişaşlar və mitinqlər nəhayətdə xalq üsyanı formasını aldı.

Ekspert qeyd edib ki, bu ixtişaşlarda konkret lider olmadığından, yekdil tələblər irəli sürülmədiyindən xalqın qarşısında faktiki olaraq iki seçim qoyulub. Onun sözlərinə görə, bu seçimlərdən biri molla-teokratik rejimin davamı, digəri isə Şah Pəhləvi monarxiyasının yenidən İran hakimiyyətinə qaytarılmasıdır:

“Görünən odur ki, İran xalqı iki seçimdən birinə məcbur edilir. Şübhə yoxdur ki, bu proseslərdə xalqın qarşısında yalnız iki seçimdən birinin qoyulması Qərb dünyasının İranın yaradılması ilə bağlı tarixi missiyasının icrasının davam etdirilməsi ilə əlaqədardır. İran ümumiyyətlə İslam dünyasının parçalanması, Türk dünyasına qarşı çəkindirici və rəqabət mərkəzi kimi yaradılıb və bu gün də həmin funksiyanı davam etdirir. İslam dünyasında dini ayrı-seçkiliyin və nifrətin dərinləşməsinə xidmət etmiş, İsrailə qarşı əsassız, təsirsiz təhdidlər və süni təhlükələr yaratmaqla İsrailin regionda hərbi gücünün artmasına, işğalçılığına əsas verməklə öz missiyasını davam etdirir”.

V.Dadaşov bildirib ki, ABŞ və İsrailin İranda mövcud imkanlarını nəzərə alaraq proseslərin analizi onu göstərir ki, Vaşinqton və Təl-Əviv Xomeyni hakimiyyətinin devrilməsində tərəddüd edir. Ekspertin fikrincə, bu, ilk növbədə proseslərin nəzarətdən çıxması və İranın parçalanma ehtimalının yüksəlməsi ilə bağlıdır:

“Hər dəfə İranda xalq narazılığı ilə etirazlar başlayanda proseslərə digər, xüsusən Türkiyənin müdaxiləs imkanlarını məhdudlaşdırmağa çalışırlar. Bunun üçün isə Türkiyənin daxilində və ya Türkiyə ilə bağlı regionda konfliktlər, qarşıdurmalar, təxribatlar yaradılır. Məqsəd İranın bütövlüyünü qoruyub saxlamaqdır. Ancaq bu o demək deyil ki, İranda vəziyyət ABŞ, İsrail və ümumiyyətlə Qərbin istəyinə uyğun gedəcək. Proseslərin nəzarətdən çıxma ehtimalı yüksəkdir. İsrail və ABŞ-ın da İrana müdaxilədən ehtiyatlı davranması vəziyyətə mənfi təsir etməmək məqsədi daşıyır. Əlbəttə ki, proseslərin axarından asılı olaraq ABŞ və İsrailin hərbi müdaxiləsi də daimi olaraq masadadır. Son qərarda Azərbaycanın, Türkiyənin təsir imkanlarının nəzərə alınması ehtimalı yüksəkdir. Hər bir halda İranda baş verən son proseslər onu göstərir ki, rejimin dəyişdirilməsi gündəmdə olsa da, İranın parçalanmasında Qərb dünyası maraqlı deyil və İran nəzərdə tutulmuş rolunu davam etdirməlidir. Ancaq ixtişaşların yaratdığı şərait Tramp və Netanyahunun qərarlarına regional risklər nəzərə alınmaqla əhəmiyyətli təsir göstərə bilər”.

Ekspert eyni zamanda İranla bağlı son məlumatlara diqqət çəkib. Bildirib ki, İranda xeyli sayda itki və yaralı var:

“Buna baxmayaraq, bu vəziyyətdə İranda vahid liderin ortaya çıxmaması, təbii ki, Qərb dünyasının planlarına uyğundur. Lakin xalqın qarşısında qoyulan bu iki şərt - ya teokratik rejimin davamı, ya da monarxiyanın bərpası - Cənubi Azərbaycanın taleyini müstəqil şəkildə həll etməsini zərurətə çevirir. Cənubi Azərbaycan bu iki rejim dövründə ən çox əzab-əziyyət çəksə də, aborigen xalq olaraq İran dövlətinin formalaşmasının əsas sosial və milli mənbəyi, bazasıdır. Bu iki seçim məcburiliyi isə Cənubi Azərbaycanın öz müstəqilliyini elan etməsini şərtləndirir”.

Tahirə Qafarlı

Seçilən
6
hafta.az

1Mənbələr