ABŞ prezidenti Donald Tramp Venesuelanın neft sənayesinə yatırımlarla bağlı “ExxonMobil” neft-qaz korporasiyası ilə bağlanacaq sövdələşmələri bloklamaq niyyətində olduğunu bildirib. Bu qərar “ExxonMobil”in rəhbəri Darren Vudsun respublikanı “investisiyalar üçün cəlbedici olmayan” ölkə adlandırmasından sonra qəbul edilib.
“Reuters”in məlumatına görə, Donald Tramp jurnalistlərə bildirib ki, korporasiyanın reaksiyası onun xoşuna gəlməyib. “Onlar həddindən artıq hiyləgərdirlər”, — deyə o əlavə edib və Venesuela ərazisinə “Exxon-u buraxmamağa” meylli olduğunu vurğulayıb.
Yanvarın 9-da Ağ Evdə Donald Trampın aparıcı enerji şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib. Görüşdə Darren Vuds qeyd edib ki, “ExxonMobil”in ölkədəki aktivləri iki dəfə müsadirə olunub. Onun sözlərinə görə, karbohidrogenlər sahəsində qanunvericiliyə dəyişikliklər edilməli və investisiyaların etibarlı qorunması təmin olunmalıdır.
Yanvarın 3-də ABŞ ordusu Karakasa zərbələr endirib və Venesuela prezidenti Nikolas Maduronu onun həyat yoldaşı Siliya Floreslə birlikdə oğurlayıb. Müvəqqəti prezident postunu əvvəllər vitse-prezident olmuş Delsi Rodriges tutub. ABŞ Dövlət Departamenti bildirirdi ki, Vaşinqtonun Venesuela ilə bağlı növbəti planı üç bənddən ibarətdir və onlardan biri Venesuela neftinin satılmasıdır.