AZ

Hidayət Heydərov: “Vətənimdə keçiriləcək dünya çempionatı mənim üçün xüsusilə önəmli olacaq”

Azərbaycanın cüdo üzrə yığma komandasının üzvləri hazırda Avropa Cüdo İttifaqının (EJU) himayəsi altında Avstriyanın Mittersill şəhərində keçirilən olimpiya təlim-məşq toplanışında iştirak edirlər.

İdman.Biz xəbər verir ki, hazırlıq prosesində bir çox tanınmış idmançı ilə yanaşı, olimpiya çempionu Hidayət Heydərov (73 kq) da iştirak edir. Azərbaycanın tanınmış cüdoçusu cari mövsüm üçün planları barədə danışıb.

“Əsas və ilkin məqsədim əvvəlki optimal formamı bərpa etməkdir. Məhz buna görə hazırda Mittersildəyəm və hadisələrlə zəngin mövsüm üçün möhkəm baza formalaşdırıram. Ən yüksək fiziki və idman vəziyyətimə çatmalıyam, çünki Avropa və dünya çempionu titullarını yenidən özümə qaytarmaq niyyətindəyəm”, - deyə Hidayət Heydərov etiraf edib.

O, həmçinin bildirib ki, bu ildən etibarən olimpiya lisenziyası uğrunda mübarizə başlayır və ilk reytinq xallarını mümkün qədər tez toplamağı hədəfləyir.

“Lisenziya xarakterli ilk turnirlərdən etibarən reytinq xalları uğrunda mübarizə aparmaq vacibdir. Bu isə Los-Anceles Olimpiadasına vəsiqə yolunda güclü start götürməyə imkan verəcək. Bu baxımdan dünya çempionatı mənim üçün xüsusilə əhəmiyyətlidir, çünki yarış mənim ölkəmdə keçiriləcək. Doğma divarlar arasında titul qazanmaq mənim üçün çox böyük məna kəsb edir”, – deyə H.Heydərov Avropa Cüdo İttifaqının rəsmi saytında verdiyi müsahibədə əlavə edib.

Qeyd edək ki, Mittersildə Azərbaycan yığmasının hazırlıq prosesinə milli federasiyanın vitse-prezidenti Elnur Məmmədli, eləcə də kişi və qadın yığmalarının baş məşqçiləri Rixard Trautman və Amina Abdelatif rəhbərlik edirlər.

Təlim-məşq toplanışında 50 ölkədən 900-dən çox idmançı iştirak edir. Hazırlıq prosesi yanvarın 14-də başa çatacaq.

İdman.Biz
Seçilən
21
idman.biz

1Mənbələr