Bakı, 12 yanvar, AZƏRTAC
Hazırda dünya, xüsusilə Yaxın Şərq və Avrasiya məkanı son dərəcə təhlükəli və qeyri-sabit mərhələdən keçir. Suriyada baş verənlər, böyük güclərin bölgə üzərində apardığı geosiyasi mübarizə regionun gələcəyini birbaşa risk altına salır. Eyni zamanda, cənub qonşumuz İranda baş verən son proseslər, daxili gərginliklər və regionu silkələyən siyasi-təhlükəsizlik dalğalanmaları göstərir ki, təhlükə artıq yalnız ayrı-ayrı ölkələrin deyil, bütün regionun sərhədlərinə dayanıb. Belə bir mürəkkəb və həssas şəraitdə isə dövlətlərin təhlükəsizliyinin təmin edilməsi xüsusilə əsas milli və strateji prioritetə çevrilir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib.
Onun sözlərinə görə, bütün bunlar qlobal geosiyasi sistemin köklü dəyişiklik mərhələsinə daxil olduğunu göstərir.
“Təbii ki, dünyada cərəyan edən proseslər milli dövlətləri və dövlətlərin təmsil olunduqları ayrı-ayrı birlikləri daha ayıq-sayıq olmağa, riskləri qabaqlayan, uzunmüddətli və düşünülmüş strategiyalar həyata keçirməyə məcbur edir. Hesab edirəm ki, bu sırada da sərhədlərin təhlükəsizliyi xüsusilə aktuallıq kəsb edir. Yəni milli dövlətlər, o cümlədən dövlətlərin bir araya gəldiyi ittifaq və təşkilatlar sərhədlərin təhlükəsizliyi, ümumilkdə isə müdafiə məsələlərini bir nömrəli məsələ kimi ön sırada tutmalıdırlar. Məhz bu kontekstdə Türk dünyasının institusional birliyi olan Türk Dövlətləri Təşkilatının (TDT) üzərinə tarixi məsuliyyət düşür. Əgər TDT formalaşmaqda olan yeni dünya düzənində qlobal güc mərkəzlərindən birinə çevrilmək iddiasındadırsa, ilk növbədə təşkilata üzv dövlətlərin təhlükəsizliyi məsələsinə sistemli və konseptual yanaşma ortaya qoyulmalıdır. Bu istiqamətdə əsas prioritet Türk dövlətləri arasında hərbi əməkdaşlığın qurulması, keyfiyyətcə yeni mərhələyə çıxarılmasıdır. Bura birgə hərbi təlimlərin müntəzəm keçirilməsi, müdafiə sənayesi sahəsində koordinasiyanın gücləndirilməsi və perspektivdə TDT çərçivəsində ümumi təhlükəsizlik, müdafiə mexanizmlərinin formalaşdırılması daxildir”, - deyə Nazir Azəri vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuya xüsusi önəm verdiyini və Qəbələdə keçirilmiş TDT Sammitində də məsələni açıq şəkildə gündəmə gətirdiyini deyən N.Azəri TDT dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin keçirilməsinin artıq zərurətə çevrildiyini sözlərinə əlavə edib: “Bu, təkcə rəmzi xarakter daşımır, həm də real təhlükəsizlik çağırışlarına verilən praktik cavabdır. Dövlətimizin başçısı ilk belə birgə hərbi təlimin Azərbaycanda keçirilməsini də təklif edib ki, bu da Azərbaycanın məsələyə həssas yanaşdığının və Türk dünyasının təhlükəsizliyinə necə böyük önəm verdiyini göstərir. TDT-yə üzv dövlətlər arasında müdafiə və hərbi əməkdaşlıq üçün artıq ortada bir nümanə var-Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı. Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi artıq sınaqdan çıxmış, uğurlu modeldir və bu təcrübə bütün Türk Dövlətləri Təşkilatına şamil edilməlidir. Zaman itirmədən bu model əsasında çoxtərəfli hərbi əməkdaşlıq sazişləri imzalanmalı, birgə təlimlər institusional xarakter almalı və mərhələli şəkildə vahid müdafiə mexanizmləri qurulmalıdır. Bu addımlar Türk dünyasının təhlükəsizliyini möhkəmləndirəcək, beynəlxalq nüfuzunu artıracaq və yeni dünya düzənində real söz sahibinə çevrilməsinə zəmin yaradacaq. Birgə təlimlərin keçirilməsi həm siyasi birlik rəmzidir, həm də real döyüş qabiliyyətinin artırılması baxımından həyati əhəmiyyət daşıyır”.