Keniya Respublikasının Daxili İşlər Nazirliyinin İslah Xidmətləri Departamentinin baş katibi Salome Muhia-Beacco Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinin fəaliyyəti və probasiya sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizdə səfərdə olub.
Qonaq Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.
Daha sonra Ədliyyə Nazirliyinin Penitensiar xidmətində ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüş keçirilib. Görüşdə penitensiar sahədə qanunvericilik, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi müzakirə olunub, infrastrukturun yenilənməsi və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ədliyyə Nazirliyinin Probasiya xidmətində keçirilən görüşdə xidmətin rəisi Vüqar Ağayev, xidmətin məsul əməkdaşları, eləcə də Bakı şəhəri Probasiya idarəsinin nümayəndələri iştirak ediblər. Görüş zamanı son illərdə ölkəmizdə probasiya sisteminin inkişafı istiqamətində həyata keçirilən institusional və hüquqi islahatlar, probasiya nəzarətində olan şəxslərlə aparılan sosial və psixoloji reabilitasiya tədbirləri, rəqəmsal idarəetmə və elektron nəzarət mexanizmlərinin tətbiqi barədə ətraflı məlumat verilib, innovativ idarəetmə platformalarına dair təqdimatlar nümayiş etdirilib.
Səfər çərçivəsində Salome Muhia-Beacco Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Probasiya xidmətinin Rəqəmsal monitorinq mərkəzinin fəaliyyəti ilə tanış olub. Ölkəmizdə penitensiar və probasiya sistemlərinin müasir yanaşmalar əsasında qurulması, məhkumların sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər, eləcə də rəqəmsal texnologiyaların tətbiqi S.Muhia-Beacco tərəfindən yüksək qiymətləndirilib.
Görüşlərdə hər iki ölkənin penitensiar və probasiya qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə tərəfdaşlıq məsələləri müzakirə olunub.






