Bakı, 12 yanvar, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp yanvarın 13-də Nazirlər Kabineti ilə görüş keçirərək İrana qarşı mümkün tədbirləri, o cümlədən hərbi zərbələri, kiberhücumları və yeni sanksiyaları müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, görüşə dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn dəvət olunublar. Bu, ABŞ administrasiyasının İranla bağlı mümkün hərəkət istiqamətlərini müzakirə etmək üçün ilk rəsmi görüş olacaq.
Bir müddət öncə Donald Tramp Vaşinqtonun İrandakı hadisələrə güc tətbiq etməklə cavab vermək imkanlarını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Lakin Pentaqon hələlik potensial zərbələrə hazırlıq məqsədilə İran sərhədlərinə əlavə qüvvələr yerləşdirməyib.
Dekabrın 29-da İran valyutasının kəskin ucuzlaşması səbəbindən Tehranda başlayan etiraz aksiyaları tezliklə ölkənin digər iri şəhərlərinə də yayılıb. Yanvarın 8-də polis qüvvələri ilə toqquşmalarda azı 13 mülki şəxs öldürülüb. Hakimiyyət orqanlarının iddiasına görə, ölkənin müxtəlif bölgələrində 38 polis əməkdaşı həlak olub. Tehran iğtişaşların təşkilində İsrail və ABŞ-ı günahlandırır.