AZ

“TƏBİB-in qurduğu sistem insanları xəstəxanalıq edir” – Müəllimdən ŞİKAYƏT

TƏBİB-in qurduğu bu sistem insanları sağaltmaq əvəzinə onlara yeni-yeni xəstəliklər tapdırır. Heç olmasa, buna görə xəcalət hissi keçirirsiniz mi? Bir neçə analiz üçün səhər tezdən ac formada günortaya qədər qapı-qapı gəzmişəm.

Tribuna.az xəbər verir ki, bu sözləri TƏBİB-in qurduğu sistemi sərt sözlərlə tənqid edən və saatlarla analiz üçün vaxt itirən Masallı sakini, müəllim Cəmaləddin Əlizadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, onun kimi onlarla insan növbədə gözləyərkən həkimlər iclasa girib:
“Şənbə günü növbəti müayinə üçün Masallı rayon Mərkəzi Xəstəxanasına getdim. Əvvəlcədən xəstəxana mühitini və oradakı xaosu onsuz da bilirdim. Lakin yeni hoqqadan əsla xəbərim yox idi. Həkimimin qəbuluna düşmək üçün əvvəlcə anket götürməli idim. Növbəyə qaldım və deyiləsi mümkün olmayan bir zülmlə anketi götürüb, öz həkimimin növbəsinə qaldım. Növbəyə qalanda məlum oldu ki, həkimlər baş həkimin “5 dəqiqəlik” iclasına gediblər və bu 5 dəqiqəlik iclas düz bir saat çəkdi. Həkim gəldi və yenə də eyni müsibətdən sonra həkiminin qəbuluna düşə bildim. Bundan əvvəlki müayinədən bilirdim ki, həkim ənənəvi olaraq müvafiq analizləri yazıb, məni laboratoriyaya göndərəcək. Sən demə yox, bu ildən yeni Amerika kəşf olunubmuş və mən öz həkimimlə yanaşı terapevtin də qəbulunda olmalı, analizlərin bir hissəsini də terapevt yazmalıymış.
Nə and-aman elədim, əmələ gəlmədi. Həkim dedi, TƏBİB qərar verib ki, mən yalnız mənə icazə verilən analizləri yaza bilərəm. Xəstəliyinizlə bağlı digər analizləri isə mütləq terapevt yazmalıdır. Başqa çarəm qalmadı. Anketi götürüb təzədən terapevtin qəbuluna düşmək üçün növbəyə durdum.
Üçüncü müsbəti də terapevtin qəbuluna düşəndə yaşadım. Terapevt analizlərin qalan hissəsini yazdı. Yenidən anket götürdüyüm şöbəyə qayıtdım və yenə də növbəyə durdum ki, iki həkimin yazdığı analizləri laboratoriyaya çatdırmaq üçün çek götürüm. Yenidən bir xeyli müddət də burada gözlədim. Birtəhər çeki götürüb laboratoriyaya getdim. Bəxtim gətirdi, burada adam az idi. Təxmini bir 10 dəqiqədən sonra analizləri verdim və xəstəxananın həyətinə çıxdım. Artıq saat düz 12:24-ü göstərirdi. Bir anlığa özümü alçaldılmış hiss elədim və özümə nifrət elədim.
Evə çatanda saat artıq 14:30 ətrafında idi. Bu müddət ərzində ac olduğuma görə dəhşətli baş ağrılarım başladı və günün sonuna qədər davam elədi. Bütün əsəblərim tarıma çəkilmişdi.
İndi üzümü TƏBİB-ə tutub deyirəm:
Qurduğunuz bu sistem insanları sağaltmaq əvəzinə onlara yeni-yeni xəstəliklər tapdırır. Heç olmasa, buna görə xəcalət hissi keçirirsinizmi?”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Seçilən
10
yenilik.az

1Mənbələr