AZ

“Tamstore”da qiymət oyunu: vitrində bir, kassada başqa məbləğ — FOTO

“Avrora” şirkətlər qrupuna daxil olan “Tamstore” marketlər şəbəkəsi ilə bağlı növbəti istehlakçı şikayəti yayılıb.

Tribuna.az xəbər verir ki, şikayətçi Emin Səfərov marketdən yer fıstığı alarkən vitrində göstərilən qiymətlə kassada tətbiq olunan qiymət arasında 7 qəpik fərq olduğunu bildirib.
Onun sözlərinə görə, məsələ məbləğin azlığı ilə bağlı deyil, bu cür halların mütəmadi xarakter daşımasıdır.
Qeyd olunur ki, “Tamstore” marketlərində alış-veriş zamanı qiymət fərqləri dəfələrlə müşahidə edilib və alıcılar bəzən bunu bazarlıq zamanı fərqinə varmadan ödəyirlər. Nəticədə, hər bir istehlakçıdan cüzi məbləğlərin tutulması marketlər şəbəkəsinə əhəmiyyətli həcmdə haqsız qazanc əldə etməyə imkan yaradır.
Eyni zamanda vətəndaş bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən fakt protokollaşdırılacağı təqdirdə, “Tamstore” marketlər şəbəkəsini 4 min manatadək inzibati cərimə gözləyə bilər.
Məsələ ilə bağlı Tribun​​​​a.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, belə hallarda istehlakçının hərəkət alqoritmi belə olmalıdır:
“Gözləsin, kassada çekə vursunlar, çeki götürsün artırılmış qiymətlə birgə malın piştaxtada şəklini çəksin. Daha sonra orada iradını bildirsin. Bu zaman, səhv etdiklərini anlayıb yeni çek verəcəklər. O çeki də götürsün, ikisinin də şəkillərini saxlasın. İstəsə, müdiriyyəti çağırıb məsələni yerindəcə həll edə bilər. Əgər istəyərsə ki, məsələyə dövlət orqanları qarışsın, hər iki çekin şəklini Və rekvizitləri ilə bərabər Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinə göndərsin. Lakin çeklər mütləq olmalıdır. Təəssüflər olsun ki, çox geniş yayılmış istehlakçı problemidir. Bəzən müştərinin almadığı malı belə çekə yazırlar. Müştəri 85 qəpiyə badımcan alıb, çekdə 36 manatlıq eqzotik meyvənin adını yazıblar. Qabıqlı qoz alıb, ləpənin qiymətini yazıblar. Yaxud da çox sayda mal alıb, içərisində almadığı məhsulun qiymətini yazıblar. AİB-ə gələn şikayətləri ümumiləşdirsək, Azərbaycan vətəndaşları bir ildə almadıqları mal üçün 500 milyon manat pul ödəyirlər. Bu, anormal haldır. Çox təəssüflər olsun ki, vətəndaşlar fəallıq göstərmirlər.”
Dəniz Pənahova



Seçilən
9
yenilik.az

1Mənbələr