AZ

KES və GES-in istifadəyə verilməsi ölkəyə xarici investorların marağını artırır - ŞƏRH

Bakı, 12 yanvar, AZƏRTAC

“ACWA Power” şirkəti tərəfindən icra olunan və istifadəyə verilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası (KES) və 2026-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan 100 MVt gücündə Çinin “Universal İnternational Holdings Limited” şirkəti tərəfindən “Qobustan” Günəş Elektrik Stansiyasını (GES) enerji sektorunda payı, iqtisadi təsir imkanları və strateji əhəmiyyəti baxımından təsnifləşdirmək olar. Digər sahələrdə olduğu kimi bu sahədə də investisiya zamanı ölkənin diversfikasiya olunmuş çoxtərəfli maraqları nəzərə alınır.

Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı şirkəti tərəfindən KES və Çin şirkəti tərəfindən GES-in istifadəyə verilməsi ölkəyə həm Körfəz ölkələrinin, həm də Çin investorlarının maraqlarının artmasına səbəb olacaq. Qərblə yanaşı, digər investorların cəlb olunması ölkəni bir investor şəbəkəsinin asılılığından azad edən əsas faktordur.

“Hər iki stansiyanın, xüsusilə KES-in küləklə zəngin Xızı ərazisində, GES-in isə Günəş radiasiyasının çox olduğu Qobustan ərazisində yerləşməsi hər iki stansiyanın imkanlarından gələcəkdə daha səmərəli istifadə etmək üçün əlverişli imkan yaradır. Ümumilikdə 2 stansiya il ərzində 1,1-1,2 milyard KVt elektrik enerjisi istehsal etmək gücündədir. İllik 1,2 mlr KVt elektrik istehsalı İstilik Elektrik Stansiyalarında (İES) qaz sərfiyyatının qənaətinə səbəb olacaq. Ümumilikdə 2 stansiyanın imkanları nəticəsində 250-300 milyon kubmetr qazın qənaət olunmasına səbəb olacaq. Belə ki, 1000 kubmetr qazın qiymətini 300 dollar qəbul etsək, 300 milyon kubmetr qaz 105 milyon dollar vəsait edir. Yəni qənaət olunmuş bu qədər qazı ixrac edib valyuta formasında ixracdan gəlir əldə etmək olar. İxrac olunan qaza nisbətdə elə də böyük məbləğ olmasa da gələcəkdə GES və SES-lərin sayını artırmaqla əhəmiyyətli rəqəmlərə nail olmaq mümkündür. İxrac imkanları ilə yanaşı büdcə subsidiyalaşdırma yükündən azad olur və sıfır enerji xərci ilə əhəmiyyətli nəticələr əldə edilir. KES və GES-in əhatə dairəsinin genişlənməsi yaşıl enerjiyə keçidin sürətlənməsi, atmosferə atılan karbon emissiyasının azalmasına böyük təsir göstərəcək. Təkcə bu iki stansiyanın tam gücü ilə işləməsi şəraitində atmosferə 700 min ton qədər CO2 atılması azalacaq. Bu da öz növbəsində ölkənin COP çərçivəsində verilmiş vədlər və Paris sazişi çəçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməyə imkan yaradacaq. GES və SES-lərin tətbiq sahəsinin genişlənməsi nəticəsində elektrik istehsalının maya dəyəri aşağı düşür. Bu da öz növbəsində tarif artımlarının qarşısını alır”, - deyə R.Hüseyn vurğulayıb.

Ekspertin sözlərinə görə, daxili tələbatı ödədikdən sonra istehsal olunmuş elektriki Qara dəniz kabel xətti ilə Avropa ölkələrinə də satıb əlavə gəlir əldə etmək imkanları mövcuddur: “Növbəti 5-10 il ərzində dünyada enerji balansının dəyişməsi ola bilər. Daha çevik qərarlar verib vəziyyətdən yararlanmaq olar. Sözsüz ki, hər bir sahədə olduğu kimi bu səhədə də risklər vardır. Uzunmüddətli dövr üçün səmərəli və çevik idarəetmə modelləri yaratmaqla yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq mümkündür”.

Seçilən
47
azertag.az

1Mənbələr