Masallı, 12 yanvar, İlkin Adıyev, AZƏRTAC
Masallı Tarix-Diyarşünaslıq Muzeyi rayonun dünənini və bugününü özündə əks etdirən, zəngin maddi və qeyri-maddi mədəni irsini qoruyub saxlayan əsas mədəniyyət ocaqlarından biridir. Muzeyin fondunda hazırda 9 mindən çox eksponat mühafizə olunur və bu eksponatlar vasitəsilə ziyarətçilər eramızdan əvvəl IV minilliyə qədər uzanan tariximizlə yaxından tanış ola bilirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallının ən çox ziyarət edilən mədəniyyət müəssisəsi olan muzeyin əsası 1963-cü ildə rayonun Hişkədərə kəndində qoyulub. Muzeyin ilk təməl daşını kənd sakini, Əməkdar müəllim Rəhim Tağıyev qoyub. Bu gün fəaliyyətini müasir binada davam etdirən muzeyin direktoru Əntiqə Tağıyeva bildirib ki, bu mədəniyyət ocağı Masallının tarix salnaməsidir: “Masallı Tarix-Diyarşünaslıq Muzeyi təkcə eksponatların nümayiş olunduğu məkan deyil, eyni zamanda, rayonumuzun yaddaşıdır. Burada qorunan hər bir əşya, hər bir sənəd Masallının keçdiyi tarixi yolun şahididir. Hazırda muzey Prezident İlham Əliyevin 2013-cü ilin sentyabr ayında imzaladığı Sərəncama əsasən tikilmiş müasir binada fəaliyyət göstərir. Bina 2016-cı ildə istifadəyə verilib və həmin il Hişkədərə kəndində yerləşən köhnə muzeydə qorunan bütün eksponatlar yeni binaya köçürülüb. Elə həmin ildən etibarən muzey Masallı şəhərinin mərkəzində rəsmi açılışdan sonra ziyarətçilərin istifadəsinə verilib”.
Əntiqə Tağıyeva qeyd edib ki, yeni binaya köçürülmə muzeyin fəaliyyətində mühüm dönüş nöqtəsi olub. “Müasir muzey binasının istifadəyə verilməsi bizə fondun qorunması, eksponatların daha sistemli nümayişi və ziyarətçilərlə iş baxımından geniş imkanlar yaradıb. Bu gün muzeyimiz həm yerli sakinlər, həm də bölgəyə gələn turistlər üçün maraqlı məkana çevrilib”, - deyə o əlavə edib.
Muzeyin fondu və kolleksiyaları 9 əsas bölmədən ibarətdir. Bunlara tarix, arxeologiya, etnoqrafiya, numizmatika, nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, fotoşəkillər və sənədlər daxildir. Qədim məişət əşyalarının əhəmiyyətli hissəsi yerli əhalinin şəxsi kolleksiyalarından və evlərindən toplanaraq muzey fonduna daxil edilib.
Direktorun sözlərinə görə, fondun zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır: “Hazırda muzeyimizin əsas fondunda 9 min 779 eksponat mühafizə olunur. Təkcə 2025-ci ildə 319 yeni eksponat toplanaraq fonda daxil edilib. Bu işlər Masallının tarixinin daha dərindən araşdırılmasına və elmi əsaslarla qorunmasına xidmət edir”.
Yeni daxil olan eksponatlar arasında arxeoloji baxımdan böyük əhəmiyyət daşıyan küp qəbirlər xüsusi yer tutur. Muzey fonduna daxil edilən üç küp qəbir və onların içərisində, eləcə də ətrafında aşkar olunan maddi-mədəniyyət nümunələri bölgənin antik dövrdə və erkən orta əsrlərin ilk mərhələsində zəngin tarixi-mədəni mühitə malik olduğunu göstərir.
Əntiqə Tağıyeva bu tapıntıların əhəmiyyətini xüsusi vurğulayıb: “Küp qəbirlər və onların içərisindən tapılan maddi-mədəniyyət nümunələri tariximizin çox qədim dövrlərinə işıq salır. Bu tapıntılar bir daha sübut edir ki, Masallı ərazisi minilliklər boyu yaşayış və mədəniyyət mərkəzi olub. Milli Elmlər Akademiyasının arxeoloqları bu abidələrin üzə çıxarılmasında və elmi cəhətdən tədqiqində böyük əmək sərf ediblər. Onların araşdırmalarından sonra tapıntılar qanunvericiliyə uyğun şəkildə muzeyimizin fonduna təqdim olunub”.
Hazırda muzeyin daimi ekspozisiyasında 800-ə yaxın eksponat nümayiş olunur. 2025-ci ildə isə muzeydaxili və muzeydənkənar sərgilər çərçivəsində indiyədək 2 mindən artıq eksponat ictimaiyyətə təqdim edilib. Muzeydə məktəblilər və gənclər üçün açıq dərslər, maarifləndirici tədbirlər, eləcə də Zəfər tarixinə həsr olunmuş görüşlər təşkil olunur.
Əntiqə Tağıyeva muzeyin maarifləndirici roluna da toxunub: “Bizim əsas məqsədimiz gənc nəslə tariximizi sevdirmək, milli-mənəvi dəyərlərimizi aşılamaqdır. Üzərimizə düşən məsuliyyəti dərk edir və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi bu gün də rayonun zəngin tarixi-mədəni irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.