“ABŞ-də çox böyük nüfuza malik olan analitik Lyuk Koffinin niyə məhz Azərbaycan bayrağı fonunda "Hazır olun!" paylaşımını etməsi, bu addımı ilə hansı mesajı ötürməsi çox ciddi müzakirələrə səbəb olub. Paylaşımda "Hazır olun!" ifadəsindən başqa bu mövqenin mahiyyətini açan növbəti bir cümlə işlədilməyib. Sadəcə, Azərbaycan bayrağı və "Hazır olun!". Təbii ki, bu yanaşma çoxsaylı versiyaları üzə çıxarır. Əvvəla, bu analitikin Azərbaycana münasibəti həmişə ardıcıl, sistemli, praqmatik və obyektiv olub. O, Azərbaycanın regionda yerini və rolunu hər zaman yüksək qiymətləndirib. Xüsusilə, Azərbaycanın Transxəzər və Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşdiyini, coğrafi mövqeyi baxımından strateji əhəmiyyət kəsb etdiyini, regionun açar dövləti olduğunu dəfələrlə öz tədqiqatlarında ifadə edib. Hakimiyyət dairələri ilə çox sıx əlaqədə olan və mövqeyi həmişə nəzərə alınan bir analitikin belə cümlə işlətməsi nə ilə bağlıdır? Hesab edirəm, burada bir neçə versiyanın üzərində dayanmaq lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat xüsusilə, üç versiyanı qeyd edib: “Birincisi, ABŞ-nin Cənubi Qafqazda Azərbaycanın rolunu yüksək qiymətləndirməsi, həm də Cənubi Qafqaz regionunda öz mövqelərini möhkəmləndirmək üçün həlledici addımlar atmağa hazırlaşması anlamına gəlir. Bu halda Azərbaycanın ABŞ üçün strateji əhəmiyyəti daha da yüksəlir. Həm də yaxın zamanda ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması planlaşdırılır. Bununla bağlı strateji işçi qrupu çox intensiv fəaliyyət göstərir. Artıq ikitərəfli münasibətlərimizin siyasi-ideoloji əsasları formalaşır. Bunun ardınca praktiki addımların atılması artıq labüd prosesə çevrilib. Xüsusilə, Zəngəzur dəhlizi, yəni Tramp marşrutu ilə bağlı ABŞ-nin konkret sözdən əməli işə keçməsi labüd görünür. Artıq Ermənistan hakimiyyəti dairələrində də belə informasiyalar yayılır. Ermənistan parlamentinin sədri, xarici işlər naziri səviyyəsində bildirilib ki, fevral ayından ABŞ-dən çox yüksək rütbəli məmurların Ermənistana gəlişi gözlənilir. Bu halda daha çox ABŞ dövlət katibi Marko Rubionun, həmçinin vitse-prezidentinin adı çəkilir. Bütün bunlar göstərir ki, ABŞ-nin regiona marağı kifayət qədər artıb. Cənubi Qafqaz regionu və bu regionun əsas dövləti olan Azərbaycan ABŞ üçün həyati əhəmiyyət kəsb edən bir tərəfdaşa çevrilməkdədir. Yəni ABŞ-nin özü ilə bağlı məsələlər fonunda "Hazır olun!" ifadəsi işlədilib. "Hazır olun!" həm də regiondakı digər iddialı oyunçulara xəbərdarlıq, bu coğrafiyada yerləşən və bu coğrafiya ilə bağlı çox ciddi ambisiyalara malik olan tərəflərə mesajdır. Söhbət Rusiya və İrandan gedir. İkinci versiya budur ki, "Hazır olun!" mesajı həm də eyni zamanda Azərbaycanla bağlı Rusiyanın təzyiqlərinin mümkün artması ilə əlaqəli ola bilər. Belə ki, bir neçə gün bundan əvvəl Rusiyanın təbliğat maşınının əsas ruporlarından biri olan Vladimir Solovyov öz verilişində qeyd etdi ki, Rusiya Ukrayna müharibəsində artıq heç bir humanizm addımları haqqında düşünməməli, Ukraynaya çox sərt, ağır zərbələr endirməli, həmçinin post-sovet məkanı ilə də bağlı Rusiya diplomatiyadan hərbə keçid etməlidir. Rusiya Ukraynadakı müvafiq hərbi əməliyyatları bütün post-sovet məkanına da tətbiq edə bilər. Yəni Moskva güc faktorunu işə salmalıdır. Sanki ABŞ Rusiyanın bu addımı atması üçün yaşıl işıq yandırır. ABŞ Amerika qitəsində Monro doktrinasını, yəni "Amerika amerikalılar üçündür" doktrinasını tətbiq edirsə, post-sovet məkanı ilə bağlı analoji addımı da Rusiya atmalıdır. Yəni ABŞ "post-sovet məkanı Rusiyaya məxsusdur" formulunu faktiki irəli sürmüş oldu. İstənilən halda, yeni qarşıdurma və kataklizmlər ortaya çıxa bilər. Nəhayət, üçüncü versiya İranda yaşanan son inqilabi proseslərlə bağlıdır. İran inqilabından keçən son 47 il ərzində ilk dəfədir ki, İrandakı hakimiyyət çox ciddi siyasi böhran yaşayır. Ölkədə inflyasiya - qiymətlərin artması fonunda başlayan iqtisadi təzyiqlər, gərginliklər artıq siyasi müstəviyə transformasiya edib. Demək olar, bütün İran bu gün çalxalanır. Həm də İran hakimiyyəti xalqı gülləbaran etməyə başlasa, bu halda Vaşinqton xalqın yanında olacaq. Hərbi müdaxilə və İrana zərbələrdən söhbət gedir. Bu isə tamamilə regionda vəziyyəti kökündən dəyişə bilər. Nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları ərazilərdə də etiraz dalğası kifayət qədər böyükdür. Bu həm Təbrizə, həm də Ərdəbilə, Urmiyaya, Zəncana aiddir. Digər ərazilərdə də xalqın etirazı yüksəlməyə davam edir. Belə halda, artıq Azərbaycan Respublikasının yeni situasiyaya hazır olması anlamında da ABŞ-nin bu mövqeyi ifadə edilə bilər. Yekun olaraq, birincisi, Azərbaycan bayrağı fonunda "Hazır olun!" mesajı Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənməsi anlamındadır, burada Azərbaycanın adı çəkilir, çünki Azərbaycan həlledici dövlətdir. İkincisi, Rusiya amili, üçüncüsü, İran amili ilə bağlı məsələlərdir”.
Aytəkin Qardaşova