Azər Həsrət: “...Sürətli bir şəkildə hərbi ittifaq qurulması ilə bağlı müzakirələrə başlamalıdırlar”
Keçən ilin 7 oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Türk Dövlətləri Təşkilatının (TDT) Sammitində bir sıra mühüm bəyanatlar səsləndirildi, təkliflər verildi. Qəbələ Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin hərbi əməkdaşlıq təklifi çox böyük əks-səda yaratdı.
Prezident İlham Əliyev Qəbələdə - TDT Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsini və birgə hərbi təlimlərin keçirilməsini təklif etdi.
Prezident Əliyev bu il yanvar ayının 5-də Azərbaycan telekanallarına verdiyi müsabibədə Qəbələ Zirvəsində türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi ilə bağlı irəli sürdüyü təşəbbüsü bir daha xatırladıb. Prezident İlham Əliyev bildirib: “Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir...”
Prezident vurğulayıb ki, müasir dünyada təhlükəsizlik və güc əsas amilə çevrilib, bu, qarşılıqlı dəstək və müdafiə potensialının artırılması məqsədi daşıyır. Azərbaycanın mövqeyi güclü olmaqla yanaşı, ədalətə, məsuliyyətə və beynəlxalq sabitliyə sadiq qalmaqdır.
Türk dövlətlərinin hərbi sahədə əməkdaşlığı yeni pilləyə keçib, burada təhlükəsizlik məsələləri ilə yanaşı birgə hərbi təlimlərinin keçirilməsi də var.
Siyasi ekspert Azər Həsrət baki-xeber.com-a bildirdi ki, ümumiyyətlə, türk dövlətlərinin hərbi sahədə əməkdaşlığının arzuolunan koalisiya şəkilində hələ də tam olaraq formalaşdırılmaması bu istiqamətdə gecikməyimiz kimi dəyərləndirilməlidir. “Biz bu vaxta qədər bu məsələni həll etmiş olmalı idik. İndi əlbəttə, Prezident İlham Əliyev təklif edir ki, birgə hərbi təlimlər keçirilsin. Bunun özünü də sürətləndirmək lazımdır. Təlimlərin ardından da türk dövlətləri ortaq niyyət protokolu imzalamalı və hərbi əməkdaşlığı daha üst səviyyəyə daşımalıdırlar. Çünki ətrafımızda baş verən proseslər, özəlliklə də İranda və Rusiyada baş verənlər bunu artıq zəruri edir. İstər-istəməz biz birlikdə müdafiə olunmalıyıq. Rusiya açıq şəkildə Azərbaycanı, Qazaxıstanı, digər türk dövlətlərini hədələyir, o tərəfdən İran bizə diş qıcamaqla məşğuldur. Üstəlik də türk dövlətlərinin ikisi-Qazaxıstan və Qırğızıstan Rusiyanın önünü çəkdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), qardaş Türkiyə də NATO-nun üzvüdür. Yəni faktiki olaraq qarşı duran hərbi-siyasi bloklarda təmsil olunurlar. Bunu da həll etmək lazımdır”.
A.Həsrət qeyd etdi ki, Qazaxıstan və Qırğızıstan mümkün qədər tez KTMT-dən çıxmalıdır. “Düşünürəm ki, türk dövlətləri mümkün qədər sürətli bir şəkildə hərbi ittifaq qurulması ilə bağlı müzakirələrə başlamalıdırlar.Türk dövlətləri ilə birlikdə hərbi iş birliyinin dərinləşdirilməsi üçün addımlar atılmalıdır”-deyə A.Həsrət vurğuladı.
İradə SARIYEVA