AZ

Əliməmməd Nuriyev: Şəffaf lobbiçilik dövləti zəiflətdirmir

Bəzən belə düşünülür ki, lobbiçiliyin açıq şəkildə tənzimlənməsi dövlət hakimiyyətini zəiflədə bilər. Əslində isə tam əksidir. Şəffaf lobbiçilik qərarvericini arqumentlə işləməyə məcbur edir,maraqların toqquşmasını görünən edir, qeyri-rəsmi təsiri rəsmi məsuliyyət altına alır.

QHT.az xəbər verir ki, bu sözləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, Prezidentin idarəçilik yanaşmasında da bu xətt açıq görünür. Güclü dövlət ictimai nəzarətdən və açıq təsirdən qorxmur. O, bu təsiri idarə olunan, ölçülə bilən mexanizmə çevirir. Bu baxımdan lobbiçiliyin qanunla tənzimlənməsi zəiflik yox, dövlətin özünə inamının göstəricisidir:

"Qanunla tənzimlənməyən lobbiçilik öz-özünə yox olmur. O, sadəcə kölgəyə çəkilir. Kölgədə qalan təsir mexanizmləri isə ictimai nəzarətdən kənarda qalır, şəxsi əlaqələr üzərindən işləyir, korrupsiyanın institusional formasına çevrilir. Bu halda problem artıq ayrı-ayrı şəxslərin davranışı deyil, dövlət qərarlarının keyfiyyəti məsələsinə çevrilir. Məhz bu səbəbdən korrupsiya ilə mübarizə yalnız cəza tədbirləri ilə deyil, təsir mexanizmlərinin şəffaflaşdırılması ilə aparılmalıdır.

Beləliklə, alternativ yoxdur. Reallıq sadədir və alternativsizdir.Lobbiçilik ya qanuniləşdirilərək açıq, şəffaf və cavabdeh mexanizmə çevrilir,ya da kölgədə qalaraq korrupsiyanın adını dəyişmiş forması olur.Üçüncü yol mövcud deyil.Əgər dövlət qərarlarına təsir göstərən maraqlar açıqlanmırsa,əgər arqument yox, əlaqə əsas rol oynayırsa, əgər proses ictimai müzakirədən kənarda baş verirsə, orada lobbiçilikdən danışmaq sadəlövhlükdür. Orada adı ilə çağırılmalı olan bir anlayış var: institusional korrupsiya".

Seçilən
9
qht.az

1Mənbələr