Bakı, 12 yanvar, AZƏRTAC
Paytaxtın nəqliyyat yükünü azaldacaq əsas layihələrdən biri “Bakı Metropoliteni” QSC-nin konseptual inkişaf sxemidir.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı nəqliyyat eksperti Aslan Əsədov bildirib.
Onun sözlərinə görə, Bakının coğrafi relyefi, əhalinin yüksək sıxlığı, şəhərin həm müasir, həm də tarixi simasının qorunması kimi amillər mikromobillik və insanyönümlü şəhər yanaşmalarının tətbiqini çətinləşdirir. Ekspert vurğulayıb ki, metro infrastrukturunun genişləndirilməsi çox böyük maliyyə və vaxt tələb edən layihədir.
“Bu cür konseptual inkişaf təkcə dövlətin deyil, eyni zamanda vətəndaşların və şəhər infrastrukturunun da ciddi töhfəsini zəruri edir. Bakının 10 ərazisində metro inşası planlaşdırılır. Bu, mövcud xətlərin bir-birindən ayrılması, yeni xətlərin və yeni stansiyaların tikintisini əhatə edir. Layihələr şəhər üçün tamamilə yeni və təkrarlanmayan nəqliyyat mühiti formalaşdıracaq. Belə ki, Bakı buxtasının sahil zonası və “Ağ Şəhər” boyunca yeni metro xəttinin inşası nəzərdə tutulur. Bu xətt sahilboyu əraziləri əhatə edərək Həzi Aslanov stansiyasına qədər uzanacaq. Eyni zamanda, Bənövşəyi xətt üzrə aparılan tikinti işlərinin artıq yekunlaşma mərhələsinə çatması da müsbət inkişaf göstəricisi kimi qiymətləndirilir. Qeyd olunan bütün ərazilər böyük və uzunmüddətli konseptual layihələrin tərkib hissəsidir”, - deyə Aslan Əsədov qeyd edib.
Ekspert vurğulayıb ki, Bakı meqapolisi Xəzər dənizinin şərq sahilində yerləşdiyi üçün genişlənmə imkanları məhduddur və əsas inkişaf istiqaməti qərb zonasıdır: “Bu isə yeni infrastruktur yenilənmələrini zəruri edir. Xırdalan, Masazır, Müşfiq qəsəbələri, eləcə də gələcəkdə Badamdar və Bayıl istiqamətlərində metro xətlərinin çəkilməsi uzun illərdir müzakirə olunan və həllini gözləyən layihələrdir. Hazırda bu istiqamətdə işlər aparılır və paytaxtın nəqliyyat sistemində mərhələli inkişaf müşahidə olunur”.