AZ

İranda 5 sual altında nə baş verir? - ARAŞDIRMA

İranda yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və dərinləşən iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranda tacirlərin başladığı etirazlar qısa müddətdə ölkənin bir çox şəhərində rejim əleyhinə kütləvi nümayişlərə çevrildi.

Turkustan.az xəbər verir ki, paytaxt Tehranla yanaşı, Təbriz, Məşhəd, Əhvaz, İsfahan, Şiraz, Qum, Yəzd, Kermanşah, Kerman və Kərəc kimi şəhərlərdə keçirilən etirazlar zamanı dövlət qurumları və polisə məxsus avtomobillər yandırılıb. Etirazların şiddətlənməsindən sonra Tehran hakimiyyəti ölkə üzrə internet bağlantısını kəsib.

1. İranda etirazlar necə başladı?

Xarici valyutaların milli valyutaya nisbətdə bahalaşması ölkədəki iqtisadi vəziyyəti daha da ağırlaşdırıb. Bazarlardakı qeyri-müəyyənlik və ticarətdə durğunluq uzun müddətdir iqtisadi çətinliklərlə üzləşən Tehran tacirlərinin etirazına səbəb olub.

Bir sıra şəhərlərdə dükan sahibləri fəaliyyətlərini dayandıraraq küçələrə çıxıblar. Tacirlərin iştirakı ilə başlayan bu aksiyalar qısa müddətdə rejim əleyhinə nümayişlərə çevrilib. Bir çox şəhərdə minlərlə insan etirazlara qoşulub.

İlk mərhələdə təhlükəsizlik qüvvələri nümayişlərə müdaxilə etməsə də, aksiyalar şiddətləndikcə gözyaşardıcı qazdan və xüsusi vasitələrdən istifadə olunub. Bir neçə bölgədə etirazçılarla polis arasında toqquşmalar baş verib.

2. İran rəsmilərinin reaksiyası necə oldu?

İranın ali lideri Əli Xamenei 3 yanvarda etirazlar başlayandan sonra ilk çıxışında iqtisadi tələblərin legitim olduğunu qəbul etsə də, ölkədə sabitliyi pozmağa çalışan qruplara qarşı sərt tədbirlərin görülməli olduğunu bildirib.

Valyuta məzənnələrinin yüksəlməsini “düşmənin işi” adlandıran Xamenei qeyd edib ki, xarici qüvvələr xalqın iqtisadi problemlərindən sui-istifadə etməyə çalışır. O deyib:
“Etiraz edənlərlə danışarıq, amma xaos yaradanlarla danışmağın mənası yoxdur. Xaos yaradanlara dərs verilməlidir”.

Xamenei 9 yanvar tarixli çıxışında ABŞ prezidenti Donald Trampı etirazları qızışdırmaqda ittiham edib və “xarici güclərin dəstəklədiyi agentlərə dözümlülük göstərilməyəcəyini” bildirib. O vurğulayıb ki, İslam Respublikası təxribatçılar qarşısında geri çəkilməyəcək.

İran prezidenti Məsud Pezeşkian isə etirazların başlamasından iki gün sonra çıxış edərək nümayişçilərin nümayəndələri ilə dialoq qurulması barədə göstəriş verdiyini açıqlayıb. Prezident bildirib ki, Daxili İşlər Nazirinə etirazçıların qanuni tələblərini dinləmək tapşırılıb.

Pezeşkian 1 yanvar tarixli çıxışında iqtisadi vəziyyətə görə məsuliyyəti xarici ölkələrin deyil, hökumətin daşıdığını qeyd edərək deyib:
“Əgər insanlar narazıdırsa, bu bizim günahımızdır. Günahı ABŞ-da axtarmayın”.

Zorakılığın artdığı günlərdə, 11 yanvar tarixli çıxışında isə Pezeşkian etirazçıların problemlərinin nəzərə alındığını və onların həlli üçün çalışıldıqlarını bildirib.

3. Tramp və Netanyahu etirazlar barədə nə dedilər?

ABŞ prezidenti Donald Tramp 2 yanvarda sosial mediada paylaşım edərək bildirib ki, İran dinc etirazçılara qarşı zorakılıq tətbiq edərsə, ABŞ onların yanında olacaq.

Tramp 4 yanvar tarixli açıqlamasında isə etirazçılara qarşı zorakılıq olacağı təqdirdə İrana “sərt cavab” veriləcəyini deyib. 10 yanvar çıxışında isə İran xalqının daha çox azadlıq istədiyini və ABŞ-ın buna kömək etməyə hazır olduğunu bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu 11 yanvarda Nazirlər Kabinetinin iclasında İranda baş verənləri yaxından izlədiklərini qeyd edib və İsrailin “İran xalqının azadlıq mübarizəsini dəstəklədiyini” vurğulayıb.

Netanyahu həmçinin bildirib ki, gələcəkdə İsrail və İran yenidən tərəfdaş ola bilər.

Tramp son açıqlamasında İranın ABŞ-la əlaqə saxladığını və mümkün görüşün planlaşdırıldığını bildirib. O, həmçinin Elon Maskla danışaraq Starlink vasitəsilə İranda internetin bərpası imkanlarını müzakirə edə biləcəyini qeyd edib.

4. Ölkə daxilində etirazların nəticələri

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) 11 yanvar tarixində (etirazların 15-ci günü) 544 nəfərin, o cümlədən 37 təhlükəsizlik əməkdaşının, bir prokurorun və 8 uşağın öldüyünü, 10 681 nəfərin isə saxlanıldığını bildirib.

Tasnim Xəbər Agentliyi təhlükəsizlik qüvvələri arasında ölənlərin sayının 111-ə çatdığını açıqlayıb, etirazçılarla bağlı rəsmi rəqəmlər isə verilməyib.

İnternetin kəsildiyi ölkədə telefon rabitəsi də ciddi şəkildə məhdudlaşdırılıb. İranın əksər rəsmi xəbər saytlarına giriş mümkün deyil.

Tehran meri Əlirza Zakani yanvarın 8-də etirazçılar tərəfindən dövlət və özəl mülkiyyətə böyük ziyan vurulduğunu bildirib.

5. ABŞ-ın İrana hücum ehtimalı

Amerika mediası Tramp administrasiyasının İrana mümkün müdaxilə ssenarilərini müzakirə etdiyini və bu planların 13 yanvarda Trampa təqdim olunacağını yazır.

WSJ və Axios-un məlumatına görə, əsasən üç variant nəzərdən keçirilir:

kiberhücumlar,

Starlink terminallarının İrana yerləşdirilməsi,

məhdud hava zərbələri.

CNN və New York Times isə Pentaqonun hərbi müdaxilə ilə bağlı tərəddüdlərinin olduğunu bildirir. ABŞ rəsmiləri belə bir hücumun İran cəmiyyətində əks təsir yaradaraq etirazları zəiflədə biləcəyindən ehtiyat edirlər.

İran hökuməti isə hərbi hücum olacağı təqdirdə ABŞ-ın bölgədəki bazalarının və gəmilərinin legitim hədəf olacağını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
42
1
turkustan.az

2Mənbələr