AZ

Depozit faizləri düşür, amma kreditlər niyə yüksəkdir? Ekspert AÇIQLADI

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Depozitlər aşağı faizlə qəbul olunur, amma kredit faizləri bununla paralel olaraq düşmür. Bu barədə çox vaxt belə bir sual yaranır: əgər cəlb olunan vəsait daha ucuzdursa, nəyə görə kreditlər hələ də baha satılır?"Bunu Demokrat.az-a açıqlamasında bank eksperti Emin Kərimov deyib. O, bildirib ki bunu başa düşmək üçün bir şeyi nəzərə almaq lazımdır ki, depozitlər verilən kreditlərin həcmində önəmli rol oynasa da, bu, yeganə amil deyil:"Kreditlərin maliyyələşməsi yalnız depozitlərdən asılı deyil, banklar həmçinin Mərkəzi Bankdan, digər institusional banklardan kreditlər, digər investisiya fondlarından vəsait cəlb edirlər. Bu mənbələrin hər birinin qiyməti kreditlərin maya dəyərinə təsir göstərir".Ekspert bildirib ki, kredit faizləri müəyyən edilərkən isə bir çox amil nəzərə alınır: "İqtisadiyyatda yaxın bir-iki il ərzində baş verə biləcək proseslər, risk meyarları, bazarda tələb və təklif, kredit verilən sahələrdəki proqnozlaşdırılan vəziyyətlər, həmçinin fors-major hallar (təbii fəlakətlər və s.) nəzərə alınır. Ona görə də “depozit faizi aşağıdırsa, kredit faizi də düşməlidir” yanaşması bir qədər səthi hesab olunur. Depozit faizi bu prosesin bir hissəsidir, amma yeganə amil deyil. Tələb və təklifin də xüsusi rolu vardır. Məsələn, bank indiyə qədər müəyyən bir müştəri kütləsi əldə edib və onu saxlamaq üçün endirimlər edə bilər, ya da yeni müştəri seqmentini cəlb etmək məqsədilə güzəştlər tətbiq edə bilər. Lakin yaranmış xərclər və gəlir azalması həmin dövr üçün real qiymətlə bərpa olunur".Onun sözlərinə görə, faizlərin artıb-azalması bazardakı gedişat, tələb-təklif, risk meyarları, makroiqtisadi proseslər, neftin qiyməti və hətta fors-major hallar kimi bir çox amillərlə bağlıdır:"Kredit faizləri təkcə yerli iqtisadiyyata deyil, qlobal proseslərə də bağlıdır. Ona görə də onları yalnız depozit faizlərinə bağlamaq düzgün deyil. Hətta praktiki misallar da bunu göstərir ki, vaxt olub ki, banklar 12%-dən depozit qəbul edib və bir illik müddət üçün 9.9%-dən kredit veriblər. Yəni depozitlərin yüksək və ya aşağı olması, kredit faizlərinin hündür olub-olmaması üçün birbaşa göstərici deyil. Bu, bankın satış siyasəti və strategiyasından, müştəri seqmentinə uyğun endirimlərdən və digər bazar amillərindən asılıdır.

Qısaca desək, kredit faizlərinin təyini çoxsaylı faktorların nəticəsidir. Depozit faizləri bu prosesin bir elementi olsa da, yeganə amil deyil".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
demokrat.az

1Mənbələr