AZ

Kirayə evlərlə bağlı gizli araşdırma: müqaviləsiz kirayəyə görə əmlak sahiblərini cəzalandırmaq istəyirlər?

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son vaxtlar Bakıda kirayə mənzillərlə bağlı monitorinqlər aparılır. Məqsəd isə rəsmi qaydada kirayə müqaviləsi bağlanmadan kirayə verilmiş mənzilləri üzə çıxarıb, onların sahiblərini cəzalandırmaqdır. Bizimyol.info xəbər portalına verilən məlumata görə, bu məqsədlə icra orqanları, bələdiyyələr səfərbər olub. “Müvafiq qurumlar əmlakla bağlı məlumat bazaları, sosial şəbəkələr, mənzillərdə kommunal xidmətlərdən istifadələrə dair informasiyalar əsasında araşdırma aparıb, hansı mənzillərin kirayə verildiyini müəyyənləşdirməyə çalışır. Sonra da aydınlaşdırılır ki, həmin mənzilin kirayə verilməsilə bağlı notarial qaydada müqavilə bağlanıb, yoxsa yox”, - deyə məlumatda bildirilir. Vergi Məcəlləsinə görə, Azərbaycanda yaşayış sahəsinin kirayə verilməsinə görə əldə olunan gəlirlərdən 10 faiz vergi ödənilməlidir. Yoxlama və nəzarət funksiyasını həyata keçirən orqan şəxsin əmlakını rəsmi müqavilə olmadan kirayə verdiyini aşkarlayarsa, bu halda, əmlak sahibi vergidən yayınmaya görə sanksiyaya və cəriməyə məruz qala bilər.

Əmlak məsələləri üzrə ekspert Cavid Vəliyev deyir ki, Azərbaycanda mənzili kirayə verən vətəndaşların əksəriyyəti rəsmi müqavilə bağlamaqda maraqlı deyil. Bunun da müxtəlif səbəbləri var. Ekspertin fikrincə, 10 faiz vergi hazırkı Azərbaycan reallığında yüksək rəqəmdir. O, hesab edir ki, kirayə gəlirindən verginin 2-4 faizə salınması məqsədəuyğun olardı.

“Hesab edirəm ki, vergi 2-4 faiz olsa, kirayə verənlər razılaşarlar. Mənzil sahibləri deyirlər ki, necə olur, mənim gəlirimə şərik olurlar, amma ziyanıma şərik olmurlar? Axı bir sıra hallarda kirayə qalan şəxslər mənzilə ziyan da vurular, sonradan əmlak sahibi xərc çəkib, təmir etdirməli, yeni əşyalar almalı olur. Bundan başqa, kirayə qalan şəxslərin kirayə müqaviləsindən sui-istifadə edib, əmlak sahibinə zərbə vurduğu hallar da olub. Demək istədiyim budur ki, insanları çəkindirən bir çox səbəblər var”, - Cavid Vəliyev bildirib.

Bizimyol.info xəbər portalı Bakıda müxtəlif ərazilərdə kirayə qalan şəxslər arasında sorğu keçirib. Məlum olub ki, heç kirayə qalanlar da müqavilə bağlanmasında bir o qədər maraqlı deyil.

“Düzdür, müqavilədə konkretlik olur, hər iki tərəfin hüquq və öhdəlikləri nəzərdə tutulur. Amma ev sahibi vergi verir deyə, bu halda, qiymət da baha olacaq”, - Aysel Cavadova belə deyir.

Yusif Hüseynov bildirir ki, daha 3 nəfər tələbə yoldaşı ilə birlikdə qalırlar. Onun sözlərinə görə, ev sahibi ilə şifahi şəkildə kifayət qədər yaxşı dil tapırlar, müqavilə bağlamağa da ehtiyac duymurlar: “Əməl edən dediyi sözə də əməl edər, etməyən heç müqaviləyə də əməl etməz. Əlbəttə, ev sahibinə uyğun olarsa, biz də etiraz etmərik. Amma o, vergiyə görə evin qiymətini qaldıracaqsa, bizə də sərf eləməz”.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
bizimyol.info

1Mənbələr