AZ

Xaricdən avtomobil almaq istəyənlərin nəzərinə: Bunlara diqqət edilməlidir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son illərdə xaricdən avtomobil sifariş edənlərin sayı artıb. Bunun əsas səbəblərindən biri belə avtomobillərin daha ucuz başa gəlməsidir. Eyni zamanda, satış üçün avtomobil gətirənlərin sayı da çoxalıb. Bəs bu zaman risklər də yaranırmı? 

Xaricdən avtomobil idxal etməyin hansı üstün cəhətləri və riskləri var?

Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Banco.az-a açıqlamasında bildirib ki, işlənmiş, köhnə maşının xaricdən gətirilməsinin üstün cəhətləri və mənfi cəhətləri var:

"Üstün cəhətlərindən deyə bilərik ki, qiyməti münasib ola bilir. Birləşmiş Ştatlar, Koreya, Yaponiya və Avropa bazarlarında avtomobillər çox vaxt yerli bazardan ucuz olur. Xüsusilə elektromobil və hibrid avtomobillərdə bu qiymət fərqi hiss olunur.

Üstün cəhətləri daha geniş seçim imkanıdır. Xaricdən gətirilən avtomobillərdə bizim ölkədə olmayan komplektasiyalar və rənglər ola bilər. Bu variantlar əlçatandır. Amma çalışmaq lazımdır ki, avtomobili etibarlı mənbədən alasınız. Bu, mütləq vacibdir.

Bunun riskli tərəfləri də var. Riskli tərəfləri odur ki, avtomobildə müəyyən qəzalar ola bilər, amma bu gizli saxlanıla bilər və yeni sahibi bilməyə bilər. Bu, bərpa olunmuş maşınlarda da baş verə bilir. Məsələn, Birləşmiş Ştatlardan və ya digər ölkələrdən gətirilən avtomobillərin bir qismi tam yararsız, ciddi qəza keçirmiş avtomobil ola bilər və sonradan bu problemlər ortaya çıxır.

Ekspert qeyd edib ki, bundan əlavə, sənədsiz və yoxlanmamış sifariş vermək də risk yaradır:

"Daha sonra real xərclərin artamsı mümkündür. Avtomobili xaricdən sifariş edəndə ilkin baxışda ucuz görünür, amma gömrük rüsumu, əlavə dəyər vergisi və daşıma xərcləri əlavə olunduqda qiyməti xeyli yüksələ bilir. Xüsusilə elektromobil və hibrid avtomobilləri sifariş edəndə diqqətli olmaq lazımdır. Məsələn, ABŞ-dən sifariş olunan elektromobillərdə işıq sistemi və s. kimi detallar yerli infrastrukturla uyğun olmaya bilər. 

Məntiqli olar ki, avtomobili etibarlı bir şirkət vasitəsilə sifariş edəsiniz. Avtomobilin VİN kodu və digər sənədlərlə tam yoxlanması, xərclərin əvvəlcədən dəqiq və real şəkildə hesablanması vacibdir. Belə olan halda risklər müəyyən qədər azalır.

Amma hər halda, xaricdən avtomobil sifariş edirsinizsə, bilməlisiniz ki, orada risklər mövcuddur".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
12
1
banco.az

2Mənbələr