Bakı, 12 yanvar, AZƏRTAC
Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısı avtonom idarəetmə ilə bağlı strategiyasına yenidən baxır.
AZƏRTAC xəbər verir ki, “Handelsblatt” qəzetinin konsern rəhbərliyinə istinadla yaydığı məlumata görə, avtomobil istehsalçısı sükanı buraxaraq idarəetməyə imkan verən sistemlərlə bağlı planlarını hələlik təxirə salır. Beləliklə, yanvarın sonunda təqdim ediləcək yenilənmiş S-Class lüks sedanında SAE Level 3 artıq təklif olunmayacaq. “Mercedes” bunun əvəzinə sürücünün daim diqqətli olmasını tələb edən avtomatlaşdırılmış köməkçi sistemlərə fokuslanacaq.
Nəşrin yazdığına əsasən, qərara istehsal xərclərinin yüksəlməsi, tələbatın isə zəifləməsi səbəb olub. Buna baxmayaraq, konsern sükanı buraxaraq idarəetməyə imkan verən sistemi daha da təkmilləşdirərək növbəti modellərdə yenidən təqdim etməyi planlaşdırır. Şirkətin baş icraçı direktoru Ola Kalleniusun sözlərinə görə, gələcəkdə müştərilər həm şəhər daxilində, həm də avtomagistrallarda avtomatlaşdırılmış sürüş imkanından yararlana biləcəklər.
Rəqib “Ford” kompaniyası isə Level 3 səviyyəli sistemi 2028-ci ildə bazara çıxaracağını elan edib. Lakin müştərilər bu sistem üçün əlavə ödəniş etməli olacaqlar.
Qeyd edək ki, avtomobil sənayesi avtomatlaşdırılmış sürüş üçün SAE standartını hazırlayıb. Level 1 kruiz-kontrol və ya zolaqda saxlama köməkçisi kimi əsas yardım funksiyalarını əhatə edir. Level 2 səviyyəsində sistem sükanı, sürətlənməni və əyləci idarə edə bilir, lakin sürücü daim diqqətli olmalı və istənilən an nəzarəti ələ ala bilməlidir. Level 3 müəyyən hallarda sürücüyə diqqətini yoldan yayındırmağa imkan verir. Level 4 səviyyəsində avtomobillər məhdud ərazilərdə tam avtonom şəkildə hərəkət edir. Level 5 isə tam avtomatlaşdırmanı nəzərdə tutur və nəqliyyat vasitəsi istənilən şəraitdə insan müdaxiləsi olmadan hərəkət edə bilir.