“Terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə atəş açaraq İranda dinc etirazları silahlı iğtişaşlara çevirdilər”.
Modern.az xəbər verir ki. bunu İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi Tehranda xarici səfirliklərin rəhbərləri ilə görüşdə bildirib. Yayım İranın radio şirkəti tərəfindən aparılıb.
"8 yanvardan etibarən etirazlarda yeni bir mərhələ ilə qarşılaşdıq və 8-10 yanvar tarixlərində nümayişçilər arasında terrorçular və silahlar peyda oldu. Aydındır ki, bu, planlaşdırılmışdı. Etirazlar məqsədindən yayınaraq ölkə daxilində ümumi zorakılığa, qan tökülməsinə, qırğınlara çevrildi. Etirazçılar arasında silahlı elementlər peyda oldu və onlar təkcə polisə deyil, həm də ən əsası adi insanlara atəş açdılar", - deyə o vurğulayıb.
Diplomatın sözlərinə görə, 8 yanvar tarixinə qədər hökumət və biznes nümayəndələri münaqişələrin əksəriyyətini həll ediblər və etirazların fəallığı azalmağa başlayıb, lakin sonra İsrail və ABŞ ilə əlaqəli terrorçular vəziyyətə müdaxilə ediblər.
Araqçi bildirib ki, iğtişaşçılar ölkə daxilində 53 məscidi yandırıblar, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə atəş açıblar: "Yaralılara belə aman verməyiblər və onları boş yerə güllələyiblər".
O, "terrorizm həm bizim, həm də hər kəs üçün ciddi bir təhdiddir" deyə vurğulayıb.