AZ

Cəfər Qarayev: Aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana cəlb edilməsi mühüm əhəmiyyət daşıyır

Bakı, 12 yanvar, AZƏRTAC

Regionlarda mövcud hava limanları turistlərin qəbuluna tam hazırdır. Qəbələ, Gəncə və Lənkəran hava limanları vasitəsilə artıq bir sıra xarici ölkələrdən birbaşa uçuşlar həyata keçirilir və bu reyslərin sayının artırılması üçün real imkanlar mövcuddur. Reyslərin artırılması məqsədilə aşağıbüdcəli hava yollarının Azərbaycana cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bir sıra ölkələr üçün sadələşdirilmiş viza rejiminin tətbiqi ölkəmizə gələn turistlərin sayını əhəmiyyətli dərəcədə artıra bilər. Mövcud göstəricilərə əsasən, hazırda Azərbaycana 2 milyondan artıq turist səfər edib. Yaxın gələcəkdə bu rəqəmin 2–3 dəfə artırılması mümkündür.

Bunu AZƏRTAC-a açıqlamasında “Zakher Travel” şirkətinin rəhbəri, turizm eksperti Cəfər Qarayev söyləyib.

O vurğulayıb ki, Azərbaycanda sağlamlıq və müalicə məqsədli əməliyyatların sayının artması fonunda ölkəmizin tibbi turizm potensialı da genişlənməkdədir. “Turizmin inkişafı istiqamətiində dövlət və özəl sektorun birgə fəaliyyəti vacib rol oynayır. Bölgələrdə mehmanxana tipli obyektlərin sayı artmaqdadır, həmçinin müxtəlif sanatoriya və istirahət mərkəzlərinin tikintisi davam edir. Bu da ölkə üzrə yataq yerlərinin sayının ilbəil artacağını göstərir. Mart ayında Şahdağ Turizm Mərkəzində keçiriləcək beynəlxalq tədbirlər də nəzərə alındıqda, bölgələrə turist axınının daha da artacağı gözlənilir”,-deyə turizm eksperti əlavə edib.

Azərbaycanın qış turizmi barədə də fikirlərini bölüşən C.Qarayev deyib: “Təbii-coğrafi üstünlükləri, dağ silsilələri ölkədə əlverişli qış turizmi potensialının mövcudluğunu təsdiqləyir. Qar ehtiyatları hesabına qış turizminin 3–4 ay ərzində fəal şəkildə inkişaf etdirilməsi mümkündür və bu istiqamətdə işlər 2013-cü ildən etibarən davam edir. Hazırda Şahdağ, Tufandağ, Naxçıvanda yerləşən Ağbulaq Turizm Mərkəzi, Kəlbəcərdə inşa olunan, eləcə də Şuşadan Xankəndiyə çəkilməsi planlaşdırılan kanat xətləri bu potensialın genişləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu turizm mərkəzləri yalnız qış mövsümündə deyil, ilboyu fəaliyyət göstərərək ölkənin turizm imkanlarını artırır”.

 

Seçilən
30
azertag.az

1Mənbələr