AZ

Türkiyənin sabiq nəqliyyat naziri: Orta Dəhlizin əhəmiyyəti artır  

Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti artır. Ümid burnu vasitəsilə Asiyadan Avropaya yüklərin çatdırılma müddəti orta hesabla 45 gündür, amma Cənub Dəhlizi bu müddəti 35 günə endirir, Orta Dəhliz isə 18 gündən az bir vaxtda çatdırılma imkanı təqdim edir.

AZƏRTAC xəbər verir ki, Türkiyənin sabiq nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu bu fikri “Star” qəzetindəki məqaləsində bildirib.

Sabiq nəqliyyat naziri Süveyş kanalı marşrutu yaxınlığında yerləşən ərazilərdə davam edən böhranlara diqqət çəkib. O, qlobal ticarətin gələcəyinin Türkiyənin də mühüm aktor kimi iştirak etdiyi Orta Dəhliz tərəfindən formalaşdırıldığına əminliyini bildirib.

“Ankara hazırda Türkiyənin nəqliyyat və logistika sisteminin 2053-cü ilə qədər inkişafı üzrə Baş Planın konsepsiyası işığında Orta Dəhlizlə bağlı layihələrə, məsələn, “Marmaray” layihəsinə və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə diqqət yetirir. Qars-Aralıq-Dilucu dəmir yolu xəttinin (Naxçıvanla sərhəddə) tikintisi ilə yanaşı, Türkiyə Naxçıvan Muxtar Respublikasının özündə nəqliyyat və logistika təşəbbüslərinin həyata keçirilməsini, eləcə də Orta Dəhlizin tutumunu artıracaq Zəngəzur dəhlizindən istifadə səylərini yaxından izləyir”, - deyə A. Karaismayıloğlu sözlərinə davam edib.

Məqalənin müəllifi, həmçinin Türkiyənin liman infrastrukturuna qoyulan investisiyalara diqqət yetirib. Onun sözlərinə görə, bu, ölkənin beynəlxalq gəmiçilik üçün etibarlı yükdaşıma mərkəzinə çevrilməsinə imkan verəcək.

“Şimal-Cənub” və “Şərq-Qərb” ticarət dəhlizlərinin kəsişməsində yerləşən Türkiyə geosiyasi üstünlüklərini yeni imkanlara çevirəcək bir transformasiya yaşayır. Ölkənin dəniz limanlarının, xüsusən də İzmir, Mersin, İstanbul və Kocaeli şəhərlərinin tutumunu artırmaq və modernləşdirmək səyləri, eləcə də inteqrasiya olunmuş dəmir yolu və avtomobil yolu şəbəkəsinə malik müasir logistika infrastrukturu bu transformasiyanın əsasını təşkil edir”, - deyə Türkiyənin sabiq naziri vurğulayıb.

A. Karaismayıloğlu qeyd edib ki, Türkiyə dəniz ticarətində tranzit ölkə statusundan çıxıb, logistika və gəmiçilikdə yüksək potensiala malik güclü oyunçuya çevrilib.

Seçilən
10
1
azerbaijan-news.az

2Mənbələr