AZ

Cənab Prezident bu uğurları təmkinlə, nikbin və mütərəqqi düşüncə ilə qazandı



Nikbin əqli düşüncə insan həyatında, xüsusən də dövlət idarəçiliyində iştirak edən və idarəçiliyə can atan siyasi şəxslərdə daha yüksək olmalıdır. Dürüst, ağıllı düşüncə tərzi müvəffəqiyyətli dərk etmənin əsasını təşkil edir. Hər şeyi müsbət qarşılayan həyat fəlsəfəsi, düzgün hərəkətlər və münasibətlərlə işi yerinə yetirmək bacarığı bütün bunlar ağlın gücüdür, fiziki, yəni bədən gücü deyil. Bu düşüncəyə nail olmaq üçün isə yalnız bir yol var: əqidəniz vasitəsilə ağlınıza yiyə durmaq, onu nəzarətdə saxlamaq. Uzun illər siyasi proseslərdə olan bir şəxs kimi deyirəm ki, siyasi sferada hər kəs özünü ağıllı və iddialı sayır. Elə insanlar var ki, ümumiyyətlə özündən başqa heç kimi ağıllı hesab etmir. Amma həyat təcrübəsinə baxırsan, bir dənə belə uğur qazanmayıb, həyatı boyu ağıllı addım atmayıb. Riyakarlıqla qısa müddətli uğurlar qazanıb və sonradan hər şeyi itirib. Bu tip insanlar ümumiyyətlə əqli düşüncəyə malik deyillər. Belə siyasətçilər demoqoq, qiybətcil siyasətçilərdir və təəssüf ki, bizim siyasi arenada onlardan çoxdur. Bir siyasətçi əgər strateji baxışdan məhrumdursa, taktiki düşüncə ilə populist, opportunist aktorlar kimi situativ qazanc naminə fəaliyyət göstərirsə, o, xalqın və dövlətin düşməni sayılır. Çünki onların qısa müddətli və vəhşi istəkləri xalqın və dövlətin məhvinə gətirib çıxarır.
Dəyərli soydaşlar, siz keçmişə çox da uzaq olmayan tarixə nəzər salın. Görün kimlər siyasi tribunalarda, efirlərdə, mitinqlərdə, mətbuatda hansı vədləri veriblər. Seçkidən seçkiyə kənardan üfürülən bu zəif şar-balonlar seçki müddətində şişirdilib, hakimiyyət sevdasına, eşqinə düşüblər və həmişə də şar-balonlar kimi partladılıb. Sonra isə müxtəlif xahişlərlə yamağlanıb, buraxılıb. Amma əqli düşüncə və nikbin əqli düşüncəyə malik olmadıqları üçün hər tərəfləri yamaq-yamaqdır. Eyni vədlər səsləndirilir: “biz gəlirik”, “bu dəfə biz qalibik”, “hələ pərdə arxasında, xaricdə danışmışıq”, “dəstək var”, “bu hakimiyyəti istəmirlər”, “biz birləşək, bir olaq”, “müxalifət birləşsə, bu hakimiyyəti devirəcəyik” ,“Bunlar torpaq alan deyil, torpağı bilərəkdən düşməndə saxlayırlar ki, hakimiyyətlərini uzatsınlar”. Qarabağ kartı da bunlara sərf edir. Nə qədər avam, bərbad, riyakar, böhtan və şər dolu, ağılsız ifadələr işlədəsən və daha sonra da deyəsənki, “bizə imkan vermirlər”. Lakin düşünə bilmirlər ki, atdıqları hər bir addım, dedikləri hər bir ifadə müdrik xalqımızın süzgəcindən keçir və onlara qiymət verilir necə ki, artıq verilib. Bu gün siz bütün siyasi dayaqlarınızı itirmisiniz, yamaqlarınızı düzəltməklə məşğulsunuz və yaşadığınız bu həyatdan narazılığınızı nifrətə çevrilib. Siz növbəti, bağışlanmaz səhvləri buraxırsınız. Siyasətlə məşğul olan bir şəxsin hətta texniki səviyyəsinə belə qalxa bilmədiniz. Müvəqqəti olaraq parlamentdə təmsil olunduğunuz dövrdə hakimiyyətin humanist prinsiplərinin tətbiqi sayəsində siyasətdə, partiya idarəetməsi səviyyəsində iştirak edə bildiniz, amma böyük siyasətdə heç vaxt təmsil oluna bilmədiniz. Bu, əslində sizin səhvlərinizdir və eyni zamanda müasir siyasətin müntəzəm fəryadıdır. Seçkilərdə qalib gəlmək üçün qəzetləri və mətbuatı manipulyasiya etmək, yalançı koalisiyalar qurmaq, rəqibə qarşı hiylə işlətmək, öz aralarında koalisiyada bir-birinə arxadan zərbə vurmaq , biz bütün bunları siyasi proseslərin aktiv dövrlərində görmüşük.
Siz deyin, belə siyasətçilərə nəyi etibar etmək olar? Təbii ki, heç nəyi. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır. Gedən siyasi islahatlara, dünyanın yeni diplomatik və strateji tələblərinə, həmçinin zamanın reallıqlarına uyğun gəlməyən, keçmiş təfəkkürlə özünü idarə edən siyasətçilərə qətiyyən heç nəyi etibar etmək olmaz. Liderin uğuru xalqın və dövlətin uğurudur. Cənab Prezident bu uğurları bizim üçün təmkinlə, nikbin və mütərəqqi düşüncə ilə qazandı. Biz hal-hazırda dünyanın ağıllı dövlətlərindən biri, sivil cəmiyyətə malik, qətiyyətli və şərəfli tarix yazan bir xalq statusu qazanmışıq. Bu qazanılan uğurları qoruyub saxlamaq isə bizim vacib siyasi vəzifəmizdir.Peyğəmbərimiz Allahdan doğru düşünməyi ona nəsib etməyi istəyib. Bəli, doğru düşünmək insaf, ədalət və vicdan deməkdir.
Sizin doğru düşünməməyiniz bizim günahımız deyil. İndi isə siz xəyanət şinelinə bürünümüsünüz. Hələ də ağılsız formada özünüzü nümayiş etdirmək, düşünə bilməmək xəstəliyinin təzahürüdür.

Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri,

siyasi ekspert
Seçilən
29
1
newscenter.az

2Mənbələr