AZ

Qan təzyiqində risk faktorları və ideal göstəricilər – Mütəxəssis rəyi

Bakı, 12 yanvar, AZƏRTAC

Ürək-damar xəstəliklərindən ölüm və ağırlaşma halları dünyada olduğu kimi, Azərbaycanda da çox ciddidir. Yaş artdıqca insanlarda qan təzyiqinin yüksəlməsini tez-tez müşahidə edirik. Qan təzyiqinin yüksəlməsi həm də genetik faktorlarla bağlıdır.

Bu barədə Mərkəzi Gömrük Hospitalının terapevt-kardioloqu Nabil Seyidov AZƏRTAC-a açıqlamasında bildirib.

Kardioloq deyib ki, XXI əsrdə qan təzyiqinin yüksəlməsinə səbəb olan risk faktorlarının başında passiv həyat tərzi və fiziki aktivliyin azlığı və ya ümumiyyətlə olmaması gəlir. Oturaq həyat tərzi, spirtli içkilər, tütündən istifadə, artıq çəki və piylənmə, həmçinin tərkibində şəkər və duz olan yarımfabrikat qidaların çox istifadəsi qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Bu isə infarkt və insult riskini artırır. Qan təzyiqinin profilaktikası və yüksək qan təzyiqinin qeyri-dərman (dərman terapiyası olmadan) müalicəsi olduqca böyük əhəmiyyət kəsb edir. “Qan təzyiqinin yüksək olub-olmadığını müəyyən etmək üçün 18 yaşdan yuxarı hər kəs ildə ən azı bir dəfə qan təzyiqini ölçməlidir. Əgər göstəricilər yüksəkdirsə, həkim prosesi daha yaxından izləməyi tövsiyə edəcək və həmin şəxsə qan təzyiqini 3–6 ayda bir dəfə ölçməyi məsləhət görəcək. Bundan əlavə, şəkərli diabet, beyin-qan dövranı pozulmaları, infarkt keçirmiş, ürəyində stend olan və ya şuntlama əməliyyatı etdirən şəxslər daha tez-tez qan təzyiqini yoxlamalıdır. Risk qrupunda olan insanlar qan təzyiqini nəzarətdə saxlamazsa, ciddi fəsadlarla üzləşə bilərlər. Hər həkim qəbulunda qan təzyiqi və nəbz ölçülməli və qeyd edilməlidir. İdeal qan təzyiqi 120/80 mm civə sütunu hesab olunur. Bu, o demək deyil ki, hər kəsdə eyni göstərici olmalıdır. Bəzi insanların gündəlik təzyiqi fərqlidir və bu, onlar üçün normal sayılır. Yuxarı göstərici 130 mm civə sütunundan aşağıdırsa, bu normal hesab olunur. Daha yüksək göstərici olarsa, mütləq həkimə müraciət etmək lazımdır”, - deyə o əlavə edib.

N.Seyidov qeyd edib ki, müntəzəm idman qan təzyiqini 10 mm civə sütununa qədər aşağı sala bilir. Əgər bədən çəkisi artıqdırsa və ya piylənmə varsa, çəkini 5–10 faiz azaltmaqla qan təzyiqini 10–15 mm civə sütunu qədər azaltmaq mümkündür. Gündəlik duz istehlakını 5 qramdan aşağı endirmək də qan təzyiqini 5–9 mm civə sütunu qədər aşağı salmağa kömək edir. Həyat tərzini dəyişməklə qan təzyiqini əhəmiyyətli dərəcədə normaya salmaq mümkündür. Lakin bəzi hallarda yalnız həyat tərzinin dəyişdirilməsi ilə qan təzyiqi tam normaya düşmür. Belə olduğu halda dərman preparatlarının qəbulu mütləqdir.

 

Seçilən
38
azertag.az

1Mənbələr