Maraqlıdır, Lyuk Koffinin "Hazır olun" mesajı region üçün necə şərh olunmalıdır?
"Amerikalı analitikin paylaşımı onu göstərir ki, Azərbaycan hazırda qlobal miqyasda diqqət mərkəzindədir. Xüsusilə Cənubi Qafqazda və Yaxın Şərqdə, İran ətrafında baş verən proseslər fonunda Azərbaycan qlobal siyasi iradə mərkəzlərinin xüsusi marağına səbəb olur. Hətta istisna deyil ki, Azərbaycan müəyyən mənada qlobal güc mərkəzlərinin regional planlarında da yer alıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, lakin burada əsas diqqət yetirilməli məqamlardan biri ondan ibarətdir ki, rəsmi Bakı öz xarici siyasətini və prioritet hədəflərini hansısa amerikalı və ya Qərb ölkələrinə aid analitiklərin paylaşımları üzərində qurmur. Rəsmi Bakı əvvəlcədən müəyyənləşdirilmiş, konkret və yalnız Azərbaycanın milli maraqlarına cavab verən siyasi məqsədlər və geosiyasi prioritetlər formalaşdırır və fəaliyyətini də məhz bu istiqamətdə davam etdirir. Başqa sözlə, rəsmi Bakı üçün amerikalı analitikin paylaşımı ciddi əhəmiyyət daşımır və bu cür yanaşmaların Cənubi Qafqazda gedən proseslərə real təsir göstərmək imkanları məhduddur. Çünki Azərbaycanın dövlət maraqlarını və xarici siyasət kursunu müəyyən edən tərəf rəsmi Bakıdır. Azərbaycanın hansı proseslərə hazır olub-olmaması, hansı addımları atacağı məhz rəsmi Bakı tərəfindən müəyyənləşdirilir. Bu baxımdan, ayrı-ayrı analitiklərin, o cümlədən amerikalı ekspertlərin fikirləri bu qərarların qəbulunda həlledici rol oynamır.
Lamiyə Cəbrayılova