ABŞ-nin texnologiya şirkəti "Meta" Avstraliyada 16 yaşdan aşağı sosial media istifadəçilərinin platformalara girişini məhdudlaşdıran qanun çərçivəsində təxminən 550 min hesabın deaktiv edildiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, sosial medianın yeniyetmələrə mənfi təsirini azaltmaq məqsədilə 10 dekabr 2025-ci ildə qüvvəyə minmiş qanun əsasında 16 yaşdan aşağı istifadəçilər müxtəlif platformalara daxil ola bilmirlər.
Şirkət bildirib ki, 16 yaşdan aşağı şəxslərə aid olduğu müəyyən edilən təxminən 550 min hesab deaktiv edilib. Bu hesabların 330 mini "Instagram", 173 mini "Facebook", 39 mini isə "Threads" platformasına aiddir və onların hamısı 4–11 dekabr 2025 tarixləri arasında bağlanıb.
"Meta" hökumətin qadağa tətbiq etməkdənsə, sektorla “konstruktiv əməkdaşlıq” şəraitində “təhlükəsiz, məxfiliyi qoruyan və yaşa uyğun onlayn təcrübələrin” inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib. Şirkət istifadəçilərin yaşını müəyyən etmək üçün tətbiq olunan “ziddiyyətli” yoxlama metodlarını da tənqid edib.
Baş nazir Entoni Albanes hökumətinin bu həftə ərzində 16 yaşdan aşağı neçə sosial media hesabının bağlandığına dair rəsmi statistikanı ictimaiyyətlə paylaşacağı gözlənilir.