AZ

Kremlin ruporu Ermənistanı açıq hədələyir: “Ukrayna ssenarisi təkrarlana bilər”

Post-sovet məkanında güc balansının dəyişməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Ermənistan və Mərkəzi Asiya ilə bağlı Rusiya mediyasından səslənən açıqlamalar yalnız söz deyil, həm də regional təhlükəsizlik və diplomatik sabitlik üçün siqnaldır. Belə bəyanatlar qonşu ölkələrdə narazılıq yaradır, Rusiya təsirini test edir və regiondakı dövlətlərin strategiyasını yenidən nəzərdən keçirməyə məcbur edir. Bu kontekstdə, Rusiya telejurnalisti Vladimir Solovyovun açıqlamaları diqqət mərkəzindədir və potensial gərginliklər üçün xəbərdarlıq rolunu oynayır.

Rusiyalı telejurnalist və Kremlin əsas təbliğatçılarından biri olan Vladimir Solovyovun Ermənistan və Mərkəzi Asiya ilə bağlı açıqlamaları regionda ciddi rezonans doğurub. Solovyov beynəlxalq hüququn artıq faktiki olaraq pozulduğunu iddia edərək, Rusiyanın Ukraynada tətbiq etdiyi yanaşmanın Ermənistan və Mərkəzi Asiyada da təkrarlana biləcəyini bildirib. O, Moskvanın Ermənistan üzərində təsirini itirməsinin ağır nəticələrə yol açacağını vurğulayıb və bunun qarşısını almaq üçün hərbi müdaxilənin mümkün variant olduğunu da qeyd edib.

Bu açıqlamalar Ermənistanda kəskin etirazlarla qarşılanıb. Milli Televiziya və Radio Komissiyasının sədri Tiqran Akobyan Solovyovun Ermənistan Respublikasının Şərəf Ordenindən məhrum edilməsini təklif edib. Təklif cəmiyyətdə geniş dəstək qazanıb və Rusiya jurnalistinə qarşı açıq etiraz formalaşıb.

Siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Solovyovun bəyanatları yeni fikir deyil, əksinə, Rusiyanın postsovet məkanındakı strateji niyyətlərini açıq şəkildə nümayiş etdirir:

“Solovyovun sözləri Rusiya üçün postsovet ölkələrini nəzarətdə saxlama siyasətinin bir hissəsidir. Cənubi Qafqazın zəif bəndi olan Ermənistan hazırda Moskva üçün siyasi və hərbi baxımdan əlçatan vəziyyətdədir. Mərkəzi Asiya isə Çin faktoruna görə hələ Rusiyanın birbaşa hədəfi deyil.

Onun ritorikası eyni zamanda regiondakı ölkələrə mesajdır və gələcəkdəki hərbi və siyasi manevrlər üçün zəmin yaradır. Bu ifadələr xalqlar arasında nifaq salmaq, Rusiya təsirini gücləndirmək məqsədi daşıyır. Belə hallara qarşı reaksiyalar yalnız diplomatik kanallarla verilməli, aqressiv ritorikaya yol verilməməlidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr